Gəncədə “Gəncə Gənclər Şəhəri” festivalı

gencede-gence-gencler-seheri-festivali
Oxunma sayı: 1299


Festivalda Azərbaycan, Belarusiya, Sloveniya,Türkiyə, Gürcüstan, Almaniya, İspaniya, İtalya, Macarıstan, Ukrayna və Norveçdən 70-ə yaxın gənc iştirak edib. Şənliyin əsas məqsədi 2016-cı il üçün Avropa Gənclər Paytaxtı olan Gəncə şəhərində gənclərlərin fəaliyyətlərini genişləndirmək, onların yay aylarında əyləncələrini təşkil etmək, gəncləri bir araya toplamaq, həmçinin, şəhər əhalisini Gəncə 2016 Avropa Gənclər Paytaxtı haqqında məlumatlandırmaqdır.

Festivalda Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov bildirib ki, Gəncənin 2016-ci il üçün Avropa Gənclər Paytaxtı seçilməsi Gəncənin və ümumilikdə Azərbaycanın uğurudur. Şəhərdə gənclərlə bağlı həyata keçirilən layihələr, avropalı gənclərin iştirakı ilə keçirilən tədbirlərə Gəncənin ev sahibliyi etməsi də şəhərin bu ada layiq görülməsinə öz tövhəsini verib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov isə vurğulayıb ki, Avropanın 2016-cı il üçün Gənclər Paytaxtını daha geniş təbliğ etmək, Gəncə ilə xarici ölkə gənclərini tanış etmək, ekskursiyalar, gəzintilər təşkil etmək və görüşlər keçirmək Avropanın Gənclər Paytaxtını dünyada tanıtmağa xidmət edən tədbirlərdəndir.