Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Gəncə şəhərində silsilə tədbirlər keçirilir. Silsilə tədbirlər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında ümumşəhər tədbirinin rəsmi hissəsi baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki baş konsulları Recep Öztop, Nikolos İaşvili, Quru Qoşunların komandanı, general-leytenant Ənvər Əfəndiyev, ictimaiyyət nümayəndələri və media subyektləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Niyazi Bayramov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdəlki fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib: "Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanı böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirib”.
Məruzədən sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan "Əsrin adamı" adlı film nümayiş olunub.
Silsilə tədbirlərin davamı olaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə möhtəşəm konsert proqramı keçirilib. Konsert Heydər Əliyev “Park-Xiyaban” Kompleksindəki “Zəfər Tağın”nın önündə baş tutub.
Konsert proqramında Gəncə Dövlət Filarmoniyasının solistləri Azərbaycan Respublikasının Xalq artisti Şahnaz Haşımova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Vasif Bayramov, İlham Qasımov, Rövşən Məmmədov, Rüstəm Cəfərov Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa ediblər. Bədii rəhbəri Sahil Quliyev və baletmeysteri Sənan Cavadov olan F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının, həmçinin “Xəmsə” uşaq rəqs ansamblının təqdim etdiyi rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Daha sonra Türkiyənin məşhur müğənnisi Rafet El Roman səhnəyə çıxıb. O, Gəncə sakinləri üçün öz repertuarında yer alan sevilən mahnılarını ifa edib. Türkiyəli müğənni konsertin sonunda sözləri Baba Vəziroğlu, musiqisi Kamala aid Ulu Öndərə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısını təqdim edib. Mahnının sədaları altında səhnədə quraşdırılmış ekranda Ümummili Lider Heydər Əliyevin həyat yoluna həsr olunan videoçarx nümayiş etdirilib.





Son xəbərlər
Son Xəbərlər