Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Gəncə şəhərində “Heydər Əliyev təhlükəsizlik orqanlarının fəxri rəhbəridir” adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, DTX-nin rəhbər heyəti və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncədə yerləşən ali təhsil müəssisələrinin rektorları, Milli Məclisin deputatları və təhlükəsizlik orqanlarının veteranları iştirak edib.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Daha sonra tədbir Gəncə şəhər idarəsinin akt zalında davam edib.
Tədbirdə çıxış edənlər Heydər Əliyevin xüsusi xidmət orqanlarındakı 25 illik fəaliyyətindən ətraflı bəhs edib, dahi rəhbərin bu təsisatda apardığı milliləşmə prosesindən, fəaliyyəti dövründə çoxlu sayda azərbaycanlı kadrların xidmətə qəbul edilməsindən söhbət açıb. Natiqlər müstəqillik qazanıldıqdan sonra da Ulu Öndərin heç zaman təhlükəsizlik təşkilatından öz dəstəyini əsirgəmədiyini, Prezident İlham Əliyevin bu orqanlara diqqət və qayğısını xüsusi vurğulayıblar.
Tədbir DTX-nin Azərbaycan Televiziyası ilə birgə reallaşdırdığı “Konfidensial” layihəsinin ilk buraxılışı olan və Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi ilə keçirilmiş “Naturalist” əməliyyatına həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.




Son xəbərlər
Son Xəbərlər