“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər Hacıkənd qəsəbəsində, təbiət qoynunda baş tutan “İnkişaf akademiyası” adlı layihənin əsas məqsədi partiyanın üzvü olan fəal gənclərin birlik və həmrəyliyinin möhkəmləndirilməsini, əlaqələrinin genişləndirilməsini, siyasi dünyagörüşünün formalaşmasını və gənclərin asudə vaxtının səmərəli keçirilməsini təmin etmək olub. Tədbirdə qonaq qismində YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, partiya təşkilatının məsul işçiləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsini açan YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev layihə iştirakçılarını salamlayıb, onlara uğurlar arzu edib. Bildirib ki, bu gün Azərbaycan gəncliyi onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirir, dövlət və xalq qarşısında öz vəzifə və məsuliyyətini yaxşı dərk edir, yaradılan geniş imkanlardan səmərəli istifadə edərək, qüvvə və bacarıqlarını göstərirlər. “İnkişaf akademiyası” adlı keçirilən bu layihə də gənclərin inkişafında müstəsna əhəmiyyət kəsb edəcək, gənclər arasında sıx əlaqə və səmimi münasibətlərin yaranmasında mühüm rol oynayacaqdır.
YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev layihənin mahiyyəti və qaydaları barədə, son illər gənclərin iştirakı ilə Gəncədə keçirilən beynəlxalq tədbirlər, dəyərli layihələr haqqında geniş məlumat verib. Tələbə- gənclərin iştirakı ilə keçirilən layihə çərçivəsində “Yaradıcı potensialın və kreativliyin kəşfi metodları”, “Sosial marketinq”, “Kiber Təhlükəsizlik və Azərbaycanın rolu” adlı təlimlər, diskoteka, müxtəlif simulyar oyunlar təşkil olunub. Açıq havada keçirilən təlimlər, oyunlar iştirakçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, layihədə iştirak etmək üçün 142 nəfər müraciət edib və onların sırasından 30 nəfər seçilib. “İnkişaf akademiyası” layihəsi yay tətili boyunca mütəmadi olaraq keçiriləcək və yeni gənclər bu təlimlərdən faydalanacaq. Sonda layihədə fəal iştirak edən gənclərə sertifikatlar verilib.
Son xəbərlər
Son Xəbərlər