2016-cı ilin Avropa Gənclər Paytaxtı layihəsi çərçivəsində Gəncə şəhərində İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumunun üçüncü toplantısı keçirilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, toplantıda Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Rusiyanın Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirtak ediblər. Forumdan əvvəl Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevlə görüşüblər.
Forum öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Bir dəqiqəlik sükutla Vətən, torpaq, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, soyqırım qurbanlarının xatirəsi yad edilib. İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Azərbaycanda təmsilçisi Arif Nağı (Qarabağ Azadlıq Təşkilatının sədri) tədbiri açaraq, bildirib ki, Beynəlxalq Forumun məqsədi Qarabağ həqiqətlərinin dünyaya çatdırılmaq, qondarma “erməni soyqırımı” iddialarının ifşası, o cümlədən, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həllinə ictimai dəstəyin verilməsi, Forumda təmsil olunan ölkələr arasında xoş münasibətlərin inkişaf etdirilməsinə yardım edilməsindən ibarətdir.
Forumda Qarabağ və regionun digər münaqişələri ilə bağı Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Rusiyanın Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri də öz sözlərini deməli, Dağlıq Qarabağ münaqişəsinin həllində həmrəylik nümayiş etdirməlidirlər. Forumda təmsil olunan ölkələrin ərazi bütövlüyünə hörmət, bu ölkələr arasında xoş münasibətlərin inkişaf etdirilməsi, Azərbaycan –Ermənistan münaqişəsinin ədalətli həlli, işğalçı Ermənistanın hərəkətlərinin ittiham edilməsi, Türkiyənin terrora qarşı, mübarizəsinin dəstəklənməsi, digər regional münaqişələrin ədalətli həlli, Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının bağlanması tələbləri və digər məsələlər müzakirə edilib.
Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov çıxış edərək, şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin salamlarını toplantı iştirakçılarına çatdırıb və Forumun işinə uğurlar arzulayıb. Çıxış edənlər Azərbaycanın işğalçı Ermənistana qarşı azadlıq müharibəsi aparmaq haqqının beynəlxalq birlik tərəfindən tanınması, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar formatının dəyişdirilməsi, Türkiyəyə qarşı beynəlxalq güclərin təzyiq və təhdidləri, regional münaqişələrin həllinə mane olan amillərə, Metsamor Atom Elektrik Stansiyasının bağlanması tələblərinə, ekoloji problemlərə xüsusi diqqət yetiriblər.
Forumda müzakirə edilən məsəslələrlə bağlı Qətnamə qəbul edilib.


Son xəbərlər
Son Xəbərlər