Gəncədə keçiriləcək “Gül Bayramı”nda daha bir yenilik

gencede-kecirilecek-gul-bayraminda-daha-bir-yenilik
Oxunma sayı: 2121


Artıq Gəncə şəhərində “Gül bayramı”na hazırlıq işlərinə başlanılıb. Gəncə şəhər İcra Hakimiyyətindən  verilən məlumata əsasən, bayram şənlikləri Heydər Əliyev park-kompleksində 7 may tarixində keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, şənlik park-kompleksin girişindən,  “Zəfər Tağı” abidəsindən başlayacaq.Tədbirdə xüsusi pavilyonlarda əl işləri sərgilənəcək və ətraf rəngarəng güllərlə bəzədiləcək. Burada Heydər Əliyevə həsr olunmuş güldən düzəldilmiş portretlər, rəsm sərgiləri, müxtəlif gül-çiçək səbətləri, dibçəklər düzülmüş pavilyonlar olacaq.

Şəhərin müəssisə və təşkilatları, mədəniyyət, təhsil, səhiyyə, idman idarələrinin və s. işçiləri, musiqi kollektivləri onlar üçün ayrılmış sahələrdə tədbir üçün hazırladıqları gül sərgilərini, musiqi töhfələrini, göstərilərini təqdim edirlər.Şəhərin 50-dən çox idarə, müəssisə və  təşkilatı bu bayramda təmsil olunacaq.

Musiqi Kollecinin xor kollektivinin ifası, Gəncə Dövlət Filarmoniyasının “Qaytağı” rəqsi, şagirdlərin  Heydər Əliyevə həsr olunmuş şeirləri, kamera orkestrının çıxışı, 2 nömrəli “Uşaq Musiqi Məktəbi”nin nəfəsli alətlər ansamblının çıxışı, sazçalanlar ansamblının çıxışı, nağaraçalanlar ansamblının çıxışı, baxça uşaqlarının rəqsi, “Xalq Çalğı Alətləri Orkestrı”nın çıxışı,  Heydər Əliyevin abidəsini ziyarət,  Heydər Əliyev Mərkəzinə baxış, Gənclər və İdman baş İdarəsinin hazırladığı “Flaşh-mob 91” yazısının təqdimatı bayram şənliyinə xüsusi rəng qatacaq.

Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən elan olunmuş xüsusi nominasiyalar üzrə 1-ci, 2-ci və 3-cü yerləri tutan təşkilatlara mükafatlar veriləcək. Bundan başqa Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən  Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibəti ilə konsert proqramı da təşkil ediləcək. Gəncədə ilk dəfə Türkiyənin pop ulduzu Hadisə və Mustafa Ceceli konsert proqramı ilə çıxış edəcək. Azərbaycan televiziyası tərəfindən konsert canlı yayımlanacaq.