“Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən Məhsəti Gəncəvi Mərkəzində “Könüllülük Forumu” keçirilib.
“Qafqazinfo” xəbər verir ki, layihənin məqsədi 2016-cı ildə Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində gənclər arasında könüllülük fəaliyyətinin təbliği, sosial şəbəkələrdən düzgün istifadənin təmin olunması, gənclərin İKT bacarıqlarının və liderlik qabiliyyətinin artırılmasıdır.
Tədbiri giriş sözü açan YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Turan Məmmədzadə layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə çərçivəsində əvvəlcədən seçilmiş gənclərə 3 gün müddətində könüllülük, İKT, sosial şəbəkələrdən istifadə haqqında təlimlər keçiriləcək. Layihədən 80 nəfər gənc yararlanacaq.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Gəncə -2016 Avropa Gənclər Paytaxtı” layihəsinin təntənəli açılışı və açılışdan sonra il ərzində həyata keçiriləcək layihələrlə bağlı yığıncaq iştirakçılarını məlumatlandırıb.
Millət Vəkili Pərvin Kərimzadə çıxış edərək bildirib ki, doğrudan da, gənclər bu layihənin reallaşmasında özlərinin üzərinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetiriblər. Könüllüləri xüsusilə aktiv olmağa, “Gəncə 2016 – Avropa Gənclər Paytaxtı” çərçivəsində görüləcək işlərdə fəallıq göstərməklə, Gəncəni Avropalılara layiqincə təmsil etməyə çağırıb.
Deputat Naqif Həmzəyev öz çıxışında gənclərə göstərilən dövlət qayğısından, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin Gəncə şəhərində uğurla davam etdirilməsindən danışıb.


Son xəbərlər
Son Xəbərlər