Gəncədə su infrastrukturlarının yenidən qurulması layihəsi davam etdirilir - Fotolar

gencede-su-infrastrukturlarinin-yeniden-qurulmasi-layihesi-davam-etdirilir
Oxunma sayı: 1830

Gəncə şəhərinin içməli və tullantı su infrastrukturlarının yenidən qurulması layihəsinin icrası davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, hazırda şəhərdə paylayıcı şəbəkələrin tikintisi və sayğaclaşma işləri həyata keçirilir.

2023-cü ildə layihəsinin icrası çərçivəsində görüləcək işlər Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə ətraflı müzakirə edilib.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov  qeyd edib ki, Gəncə şəhərinin içməli və tullantı su infrastrukturlarının yenidən qurulması dövlət başçısının xüsusi diqqətindədir. Azərbaycan hökuməti və Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində başlanılan işlər hazırda dövlət investisiyası hesabına davam etdirilir və 2023-cü ilin dövlət investisiya proqramında bu məqsədlə vəsait ayrılıb.

“Azərsu” ASC-nin departament rəisinin müavini Ceyhun Məmmədov layihənin təqdimatı zamanı bildirib ki, Gəncə şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb: “Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib. Eyni zamanda Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12  min  kubmetr  olan 3 su anbarı, 11 km magistral su xətləri inşa edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunur. Su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğu və buradan Gəncə şəhərinə 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri inşa edilib”.

Layihəyə əsasən Gəncə şəhərində 855 km içməli, 813 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur. İçməli və tullantı su şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. İndiyədək içməli su şəbəkəsinin 375 km-lik, tullantı su şəbəkəsini isə 330 km-lik hissəsi inşa edilib.Təsdiqlənmiş layihəyə uyğun olaraq 2023-cü ildə 16 km içməli, 19 km tullantı su xətləri və kollektorların inşası nəzərdə tutulur.

Layihəyə əsasən Gəncə şəhərində yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi üçün gələcəkdə Samux rayonu ərazisində məhsuldarlığı sutkada 110 min kubmetr olacaq təmizləyici qurğunun inşası da nəzərdə tutulur.