Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 32 il ötür. Bununla əlaqədar olaraq, Gəncədə Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə-2” yaşayış massivində yerləşən “Xocalı” abidəsənin önündə ümumşəhər tədbiri təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın vitse-konsulu Şota Dolidze, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və Xocalı sakinləri iştirak ediblər.
Tədbirdə Xocalı soyqırımı barədə məlumat verilib. Bildirilib ki, cinayətkar erməni qoşunlarının törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülmə və təhqirlərə məruz qalıblar. 150 nəfərin taleyi isə hələ də məlum deyil. Xocalıda öldürülmüş 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib.
Saat 17:00-da Xocalı faciəsinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, N.Gəncəvi və H.Əliyev, həmçinin H.Əliyev və Ş.İ.Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.
Niyazi Bayramov rəsmilərlə birgə “Xocalı” abidəsinin önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini yad edib.
Rəsmi hissədən sonra şəhər rəhbəri “Yeni qəsəbə-2” yaşayış massivində məskunlaşan Xocalı sakinləri ilə görüşüb, onları narahat edən məsələlər ilə maraqlanıb.
Qeyd edək ki, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar olaraq şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda tədbirlər təşkil olunub, həmçinin gün ərzində “Xocalı” abidəsi vətəndaşlar tərəfindən ziyarət edilib.