Gəncədən gənc deputatlığa namizəd Mirhəsən Cabbarovdan özəl müsahibə - Fotolar

genceden-genc-deputatliga-namized-mirhesen-cabbarovdan-ozel-musahibe
Oxunma sayı: 3781

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən qeydə alınmış deputatlığa namizəd Cabbarov Mirhəsən Miri oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Vəkillər Kollegiyasının üzvüdür. Öz təşəbbüsü ilə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb. “Qafqazinfo” namizədlə müsahibəni təqdim edir:

- Necə oldu ki, namizədliyinizi irəli sürmək qərarına gəldiniz?

- Bu barədə çoxdan düşünürdüm. Hər zaman cəmiyyətin siyasi həyatında aktiv iştirak etməyin tərəfdarıyam. Parlamentin buraxılması xəbərini eşidən kimi artıq namizəd olacağımı qətiləşdirmişdim. Həm də insanlarda seçki ənənələrinin formalaşmasına çalışıram.

- Seçki ənənələri dedikdə tam olaraq nəyi nəzərdə tutursunuz?

- Tam olaraq insanların səsvermə hüququndan aktiv iştirakını nəzərdə tuturam. Bir vətəndaş kimi seçkilərdə iştirakı vacib hesab edirəm. Cəmiyyətin siyasi həyatında mütləq iştirak etmək lazımdır. Seçki ənənələrinin ölkəmizdə də formalaşması üçün əlimdən gələni edirəm. Hər kəs öz millət vəkilini seçməkdə maraqlı olmalıdır ki, sonra seçilən millət vəkilindən narazı qalmasın.

- Nəyə görə seçiminiz məhz Gəncə oldu?

-Mənim bu şəhərlə sıx bağlılığım var. Mən Gəncədə doğulmuşam, Gəncədə böyümüşəm. Orta təhsilimi də bu şəhərdə almışam. Namizədi olduğum 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin ərazisində yaşayıram. Bu şəhərin sakini kimi əhalinin problemlərini yaxşı bilirəm. Çünki, bir sakin kimi bu, həm də mənim problemimdir və bu problemlərin həllində hamı kimi mən də maraqlıyam.

- Sizcə, seçkidə qalib olmaq şansınız nə qədərdir?

- Qalib olmaq şansımın çox olduğunu düşünürəm. Qısa zamanda kifayət qədər insanların rəğbətini qazanmışıq. İndiyədək seçkiyə getməyən insanlar belə mütləq seçkidə iştirak edib mənə səs verəcəklərini bildirirlər. Biz insanlarda seçki ruhu, seçkiyə maraq yaratmışıq. Bu, böyük uğurdur. Artıq bir çox vətəndaşımız seçkidə iştirakın vacib olduğuna inanırlar. Onlara sözümüz var, bu seçkini bayrama çevirəcəyik.

- Seçki komandanız barədə nə deyə bilərsiniz? Sizin güclü komandanız olduğunu eşitmişik.

- Bəli, bizim çox güclü komandamız var. Bu prosesə ilk qoşulan insanların sayı 3-4 nəfər idi. İndi isə onların sayı 100-dən çoxdur. Hər birinin bu işdə xüsusi əməyi var, gecə-gündüz çalışırlar. Ən əsası komandamızın böyük əksəriyyəti gənclərdən ibarətdir. Onlar bu işə böyük həvəs və məsuliyyətlə yanaşırlar.

- Necə oldu ki, qısa zamanda tanınmağa başladınız?

-Biz digər rəqiblərdən fərqli olaraq seçicilərlə görüşlərimizi fərdi qaydada həyata keçiririk. Bütün yaşayış sahələrini gəzib sakinlərlə şəxsən görüşürük. Bu, onlar üçün yeni hadisədir və insanlarımızda maraq yaranır ki, ilk dəfə bir namizəd şəxsən özü vətəndaşla görüşə gəlir. Təbliğat müddəti ərzində bunu davam etdirəcəyik.

- Sizcə, vətəndaşlar ən çox hansı amillərə görə sizi bəyənirlər?

- Qeyd etdiyim kimi, vətəndaşlarla şəxsən görüşməyimiz, onların etimadını qazanmağımızda böyük rol oynayır. İnsanlar artıq onları dinləyən, onlarla maraqlanan millət vəkili görmək istəyirlər. Digər tərəfdən onlar gənc namizədin həqiqətən də doğru seçim olacağına inanırlar. Ali hüquq təhsilli namizəd olmağımız da daha bir seçim üstünlüyüdür. Vətəndaşlar başa düşür ki, hüquqşünasların qanunvericilik prosesində rolu böyükdür.

- Seçki platformanız barədə nə deyə bilərsiniz?

-Platformanızın kifayət qədər geniş olduğunu gördük.

- Bəli, platformamız müxtəlif məsələləri əhatə edir. İnsanların ən çox qarşılaşdıqları problemləri platformamıza daxil etmişik. Doğrudur, bu problemlər bununla bitmir, ancaq onları sadalamaqla bir kağıza sığdırmaq mümkün deyil. Gündəlik təcrübəmizdə ən çox narahatlıq yaradan məsələləri platformamıza daxil etmişik.

- Nəyə görə, platformanızda təhsillə bağlı 3 istiqamətə toxunmusunuz?

- Təhsilə xüsusi önəm verilməsinin tərəfdarıyam. Çünki dövlətin gücü təhsilin üzərində dayanır. Bütün inkişaf etmiş ölkələrin təhsil səviyyələri bunu sübut edir. Ona görə də platformamda təhsillə bağlı 3 istiqamətə toxundum: pulsuz təhsil, xaricdə təhsil və müasir təhsil. Pulsuz təhsil sosial ədalətsizliyin aradan qaldırılmasına səbəb olacaq. Əks halda, təhsilin ödənişli olması vətəndaşların təhsil almaq hüququnu məhdudlaşdırır. Xaricdə təhsil üzrə dövlət proqramlarının da bütün ixtisas istiqamətlərini əhatə etməsi çox vacibdir. Təhsilin müasirliyi isə ən vacib məsələdir. Hazırki təhsil, daha çox nəzəriyyə üzərində qurulub. Biz mütləq nəzəri təhsilin praktiki təhsilə çevrilməsini təmin etməliyik. Vətəndaşlar öyrəndiklərini praktikada tətbiq edərək daha yaxşı mənimsəməlidirlər. Həm də təhsildə müasir standartlardan, texnologiyadan istifadəyə önəm verilməlidir.

-Platformanızdan pensiya yaşının azaldılmasına tərəfdar olduğunuzu gördük. Nəyə görə, bu qənaətə gəlmisiniz?

- Əgər 60 yaşında insan özünə iş tapa bilmirsə və 65 yaşınadək, yəni 5 il ərzində həyatda qalması üçün dolanacaq xərcləri yoxdursa, deməli, onun bu yaşda pensiya alması vacibdir. Əks halda, bir insanın yaşama ehtimalı sıfıra enəcək.

- Təbliğat kampaniyanıza vətəndaşların münasibəti necədir?

- Qısa müddət ərzində vətəndaşlardan çox böyük dəstək gördük. İnsanlar bizi evlərinə də dəvət edirlər. Dəfələrlə olub ki, digər seçicilər arasında könüllü təbliğ etmək üçün bizdən təbliğat materialları istəyiblər. Hər birinə təşəkkürümü bildirirəm.

- Seçicilərə son sözünüz nə olardı?

-Bütün seçicilərdən hansı namizədə səs vermələrindən asılı olmayaraq ilk öncə seçkiyə getmələrini xahiş edirəm. Qeyd etdiyim kimi, cəmiyyətin siyasi həyatında mütləq iştirak etmək lazımdır. Vətəndaşlardan həm də xahişim odur ki, səs verəcəkləri namizəd barədə ətraflı düşünsünlər. O namizədə səs versinlər ki, o, gələcəkdə onların ümidlərini doğrultsun. O namizədə səs versinlər ki, onun qanun yaradıcılığından anlayışı olsun və vətəndaşlara lazım olan qanunların qəbul edilməsində aktiv iştirak etsin.