“Gəncəlilər İlham Əliyevi dəstəkləyirlər” - Naqif Həmzəyev+ Video

genceliler-ilham-eliyevi-destekleyirler
Oxunma sayı: 1826

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin YAP tərəfindən namizədliyi irəli sürülən prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirdiyi növbəti görüş də böyük coşqu ilə yadda qalıb. 

“Qafqazinfo” xəbər verir ki, bayram əhval-ruhiyyəli möhtəşəm tədbirdə iştirak edən Şeyx Nizami yurdunun hər bir sakini gurultulu alqışları, sevinci ilə YAP-ın namizədi İlham Əliyevə olan sonsuz ehtiram və sədaqətlərini nümayiş etdiriblər.
 
Tədbirdə YAP Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin və partiyanın şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək qeyd edib ki, Gəncə sakinlərinin bu məhəbbətini ölkə başçısı İlham Əliyev uzaqgörən siyasəti, xalqa, Vətənə xidmətləri ilə qazanıb:

“Qədim Gəncə son dövrlər daha sürətli inkişaf edərək Azərbaycanın sənaye, elm, təhsil, mədəniyyət mərkəzlərindən birinə çevrilib. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Gəncə ilə bağlı nəzərdə tutulan tədbirlərin uğurlu icrası şəhər əhalisinin sosial rifahının yaxşılaşmasına da müsbət təsir edib”.

N. Həmzəyev seçiciləri prezident İlham Əliyevə səs verməyə çağırıb.
 
Görüşdə YAP Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin üzvləri  Musa Quliyev, Pərvin Kərimzadə, Fuad Əliyev,  İbrahim Cəfərov, Elnur Həsənov və digərləri çıxış edərək İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış uğurlu nailiyyətlər barədə öz fikirlərini bölüşüblər. Natiqlər seçiciləri 11 aprel 2018-ci il tarixində xalqın alternativsiz namizədi İlham Əliyevə səs verməyə səsləyiblər.
 
Çıxış edən seçicilər də 2018-ci il aprelin 11-nin ölkəmizdə, o cümlədən Gəncənin tarixində  unudulmaz bir gün olacağından və bunun üçün səsvermə hüququ olan hər bir şəhər sakininin fəallıq nümayiş etdirməsinin vacibliyindən danışıblar. Bildiriblər ki, bütün gəncəlilər İlham Əliyevə böyük hörmət, inam və etimad bəsləyir, müdrik şəxsiyyətin yenidən Prezident seçilməsinə yekdilliklə qərar veriblər.