Gəncəyə yeni avtobuslar gətirildi

genceye-yeni-avtobuslar-getirildi
Oxunma sayı: 659

“Qafqazinfo”nun AzərTAc-a istinadən verdiyi məlumata görə, bu günlərdə şəhərə Koreya Respublikasının istehsalı olan 11 ədəd “Hyundai” markalı avtobus gətirilib. İlin sonunadək bu avtobusların sayının 100-ə çatdırılması nəzərdə tutulub.
Artıq şəhərin 1 nömrəli marşrut xəttinə buraxılan bu avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edir. Avro-3 standartlarının tələblərinə cavab verən, 18 oturacaqlı, ümumi sayı 38 nəfərlik olan bu nəqliyyat vasitələrində sərnişinlərin mənzil başına rahat çatmaları üçün hər cür şərait var.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev nəqliyyat sahəsində aparılan islahatlar çərçivəsində taksilərin də dəyişdiriləcəyini bildirib. Qeyd edib ki, sovet dövründən qalmış köhnə avtomobillər yeni və müasir tipli taksilərlə əvəz ediləcək. Bunun üçün ilkin olaraq şəhərə 200 ədəd taksi gətiriləcək. Bundan əlavə, Gəncədə müasir nəqliyyat infrastrukturunun qurulması məqsədilə 100 ədəd elektron tablolu dayanacaqların yaradılması da nəzərdə tutulub.