İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 17-ci iclası keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, fonddan Azərtac-a bildiriblər ki, toplantının gündəliyinə 9-cu qrant müsabiqəsinin elan edilməsi, qurumun 2016-cı ilin birinci yarısındakı fəaliyyəti haqqında hesabat, son 6 ayda beynəlxalq tədbirlərdə iştirak üçün verilmiş qrantlar, Gəncə şəhərinin “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar 8-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənmiş layihələrin icra vəziyyəti və s. məsələlər daxil edilib.
İclasda aparılan müzakirələr nəticəsində “A” kateqoriyası (yerli layihələr) üzrə 11, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 2 istiqamət təsdiq edilib. Layihələrin təqdim olunması üçün bir ayadək müddət (iyulun 25-dən avqustun 25-dən) müəyyənləşdirilib. Müsabiqənin istiqamətləri sırasına “Gəncə - 2016-cı il Avropa Gənclər Paytaxtı” kampaniyası çərçivəsində tədbirlərin təşkili, sağlamlıq imkanı məhdud olan yeniyetmələrin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının inkişaf etdirilməsi, şagird və tələbələrin intellektual inkişafına xidmət edən televiziya və radio proqramlarının hazırlanması, gənclərin iştirakı ilə müsabiqələrin, yarışların, festivalların və olimpiadaların keçirilməsi, kiçik biznes quruculuğunda və kənd təsərrüfatının inkişafında onların rolunun artırılması, turizm bələdçiliyi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi və s. mövzular salınıb.
İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər