2 fevral- Azərbaycan Gəncləri Günü münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur. Ölkəmizdə Gənclər Gününün qeyd olunması gənc nəslin problemlərinin həllinə xüsusi önəm verən, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, gənclər siyasəti ilə bağlı dövlət proqramlarının qəbulu ümummilli liderin gənclərə böyük qayğısının bariz nümunəsi idi.
Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edən Prezident İlham Əliyev gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına diqqət və qayğı ilə yanaşır. Gəncliyə dövlət qayğısı sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, gələcəyə böyük inamla baxmağa əsas verir.
“Azərsu” ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə çıxış edərək bildirib ki, gənclər siyasəti bütün sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da uğurla həyata keçirilir.
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov su təsərrüfatında çalışan gənc işçilərin sosial müdafiəsinin gücləndirilməsi və motivasiyasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirin sonunda əmək fəaliyyətində fərqlənən gənc mütəxəssislərə fəxri fərmanlar təqdim olunub.
Tədbir iştirakçıları Azərbaycan Gəncləri Günü münasibəti ilə ağacəkmə aksiyasında da iştirak edib.


Son xəbərlər
Son Xəbərlər