“Qafqazinfo” ya daxil olan məlumata görə, dövlət himnimizin səslənməsi ilə başlayan tədbiri giriş nitqi ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Novruz Rəhimov həqiqi hərbi xidmətə gedən çağırışçıları təbrik edərək Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib. Gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evə qayıtmalarını arzulayıb.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlər nəticəsində Azərbaycanda ordu quruculuğu prosesinin çox sürətlə aparıldığını, qısa müddət ərzində nizami ordunun yarandığını qeyd edib. Möhtərəm Prezidentimiz İlham Əliyevin tez-tez hərbi hissələrdə olması cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlər ilə səngərlərdə görüşü hərbçilərimizdə ruh yüksəkliyini artırır. Bununla yanaşı, hərbçilərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün əməli-praktiki tədbirlər görülür.
Tədbirin sonunda həqiqi hərbi xidmətə gedən çağırışçılara rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunaraq müqəddəs Qurani-Kərimin və Azərbaycan Respublikasının bayrağı altından keçərək xidmətə yola salınıblar.