Gənclər Ketrin Eştona müraciət etdilər

gencler-ketrin-estona-muraciet-etdiler
Oxunma sayı: 643

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Gənclər Təşkilatının müraciət etməkdə məqsədi ölkədə vaş verən son hadisələrdən Ketrin Eştonu xəbərdar etməkdir: “Məlum olduğu kimi, Bakı şəhərində 2011-ci il aprelin 2-də keçirilən dinc aksiya zorakılıqla dağıdılıb, yüzlərlə müxalifət fəalı döyülüb və həbs edilib. Məhkəmələrin əsassız qərarı ilə Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Elşən Həsənov, Ülvi Quliyev, Məhəmməd Məcidli, Sahib Kərimov, Arif Alışlı, Zülfüqarlı Eyvazlı, Elnur Məcidli, Elnur İsrəfilov və Babək Həsənov azadlıqdan məhrum edilib. Onların arasında Tural Abbaslı - Müsavat Gənclər Təşkilatının (MGT) sədri, Əhəd Məmmədli və Rüfət Hacıbəyli MGT-nin sədr müavinləridir. Bununla da MGT-nin rəhbərliyi, demək olar ki, tam tərkibdə həbs olunub”.

Müraciətdə vurğulanır ki, məhbuslar Azərbaycan qanunları ilə yanaşı, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaları əsas gətirərək mitinqlərdə iştirak edib, fikirlərini səsləndiriblər: “Hesab edirik ki, partiya təmsilçilərinin və gənc liderlərin həbs olunmasına görə Azərbaycan hakimiyyəti ilə yanaşı, buna göz yuman beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır.

Ümid edirik ki, insan haqlarına hər zaman həssas yanaşan bir demokrat kimi Siz həmin siyasi məhbuslarla görüşüb, onların azad olunması üçün təsirli addımlar atacaqsınız. Bir daha Sizin Azərbaycana səfərinizdən məmnun olduğumuzu bildiririk. Ümid edirik ki, Azərbaycanda siyasi məhbusların azad olunmasında və sərbəst toplaşma azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasında, bir sözlə, Avropa ilə tərəfdaşlıq edən dövlətimizin demokratikləşməsinin və ərazi bütövlüyünün bərpa olunmasında beynəlxalq ictimaiyyət, xüsusi ilə Avropa Birliyi əlindən gələni əsirgəməyəcək”.

Fatimə Kərimli