Gənclər Kuboku təqdimatı və püşkatması baş tutdu - Fotolar

gencler-kuboku-teqdimati-ve-puskatmasi-bas-tutdu
Oxunma sayı: 645

“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən“Gənclər Kuboku”  layihəsinin açılış mərasimi olub.   

“Qafqazinfo” xəbər verir ki, “Gənclər Kuboku”  layihəsi 2017-ci il İslam Həmrəyliyi ili çərçivəsində keçiriləcək olan İslam Həmrəylik Oyunlarına dəstək istiqamətində həyata keçirilir.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Azərbaycanda keçirilən yarışların ən yüksək səviyyədə keçirildiyini vurğulayıb.

Daha sonra çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, “İRƏLİ” İctimai Birliyinin sədri MirHəsən Seyidov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Baku 2017 əməliyyat komitəsinin sədri Elçin Səfərov bildiriblər ki, bu kimi layihələr ictimai dəstək olaraq digər QHT, Gənclər təşkilatları üçün bir növ nümunə olacaq ki, onlar da İslam Həmrəylik Oyunlarına dəstək olsunlar.

Sonda püşkatma mərasimi keçirilib və təsadüfi püşkatma nəticəsində seçilən komandalar 15 aprel tarixindən etibarən hər həftəsonu layihəni əhatə edəcək Futbol, Basketbol, Voleybol, Şahmat, Səmti müəyyənetmə, Yüngül atletika, Stolüstü tenis, Üzgüçülük, Atıcılıq, Velosiped idman növləri üzrə yarışacaqlar.

Bir sıra yarışlar online olaraq “İRƏLİ” İctimai Birliyi nəzdində fəaliyyət göstərən Gənclərin Radiosu İRƏLİ Radiodan (İradio.az)  canlı olaraq şərh olunacaq.