“Neftçi”-nin yeni transferi Vançe Şikov Neftçi TV-yə açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, Makedoniya millisinin futbolçusu Bakı klubuna keçidindən danışıb:
“18 yaşımda Makedoniyanı tərk edib, Yunanıstana üz tutdum. 5 il orada oynadım. Əvvəlcə “Ksanti” klubunda çıxış etdim, sonra isə “Olimpiakos”la müqavilə imzaladım. Amma icarə əsasında “Apollon” (Kalamariya) və “Kerkira” klublarında forma geyindim.
3 il Kipr çempionatında oynayandan sonra isə Ukraynanın “Volın” klubunun şərəfini qorudum. “Neftçi”dən əvvəl isə 2 il Avstriyanın “Austriya” klubunda çıxış etmişəm.
Bütün oynadığım klublarda çox vaxt meydanda olmuşam. İstəyirəm ki, “Neftçi”də də belə olsun. “Neftçi” haqqında məlumatı, əvvəllər burada oynamış futbolçular – İqor Mitreski və Slavço Georgiyevskidən almışam. Onlar bildirdilər ki, bu komanda Azərbaycanın ən böyük klubudur. Mən buraya kömək etməyə gəlmişəm, bunun üçün əlimdən gələni edəcəyəm.
Harada oynamışamsa, hər görüşə final matçı kimi çıxmışam. Məşqləri izləmişəm. Görünür ki, gənc və yaxşı komandadır. Səhv etmirəmsə, komandada ən yaşlı futbolçulardanam. Çalışacağam gənclərə kömək edim.
Püşkün nəticəsinə görə, rəqibimiz Malta klubu oldu. Amma bizim səbətdə daha güclü rəqiblər var idi – Slovakiya klubu və başqaları. Biz bu oyuna ciddi hazırlaşmalıyıq. Ortaya 100 % gücümüzü qoymalıyıq və qalib gələrək Avropa Liqasının ikinci mərhələsinə adlamalıyıq”.
Son xəbərlər
Son Xəbərlər