Gənclərin güləş üzrə Avropa çempionatı başa çatdı

genclerin-gules-uzre-avropa-cempionati-basa-catdi
Oxunma sayı: 756


50 kq çəki dərəcəsində yarışan Vilayət Qəhrəmanlı mübarizəyə 1/8 finaldan başlayıb və əvvəlcə Ukrayna güləşçisi Vilati Kovalenkonu tam üstünlüklə məğlub edib (7-0, 7-0). ¼ finalda macar Bense Yuxaş da pəhləvanımızın qarşısında duruş gətirə bilməyib (1-0, 6-0). Yarımfinalda Türkiyə güləşçisi Tolqaxan Karataşla qarşılaşma isə kifayət qədər gərgin alınıb. İlk hissədə 0-1 hesabı ilə uduzan Vilayət sonrakı 2 hissədə üstün olaraq finala çıxıb (2-0, 1-0). Həlledici qarşılaşmada Gürcüstan idmançısı Nika Tsestkladze üzərində qələbə (6-3, 7-5) Vilayət Qəhrəmanlıya Avropa çempionatının qızıl medalını qazandırıb.

60 kq-da mübarizə aparan Rövşən Tağıyev də qızıl medala çox yaxın olub. İspan Kevin Martinez (6-0, 7-0), macar Mate Kraşnay (6-0, 4-0) və yunan Matias Vladimiros (8-1, 2-1) üzərində qələbələr Rövşəni finala çıxarıb. Amma sonuncu qarşılaşmada Rusiya nümayəndəsi Əsgər Orşokduqova məğlub olan (0-1, 0-3) Rövşən Tağıyev 2-ci yeri tutub.

Avropa çempionatının son günü Eldəniz Əzizli (55 kq), Rəsul Çunayev (66 kq), Fuad Əliyev (84 kq) və Zaur Mehrəliyev (120 kq) medallar uğrunda yarışıblar.

55 kq çəkidə Eldəniz Əzizli ardıcıl olaraq fransız Toni Roberti (3:0, 7:0), litvalı Ramunas Dagysi (4:0, 7:0), yarımfinalda isə bolqar Nikolay Vıçevi tam üstünlüklə (6:0, 3:1) məğlub edərək finala yüksəlib. Finalda təmsilçimizin rəqibi belarus Andrey Pikuza olub. Eldəniz Əzizli qarşılaşmanın hər iki hissəsində (7:0, 7:0) təmiz qələbə ilə yığmamıza növbəti qızıl medal qazandırıb.

66 kq-da Rəsul Çunayev bürünc medal qazanıb. Medala qədər Polşa təmsilçisi Wanke Grzegorzu (2:0, 3:0), finlandiyalı Etlinger Dominiki (2:0, 0:1, 3:0), serbiyalı Nemes Viktoru (7:0, 2:1) məğlub edib, yalnız rusiyalı Magomed Chukhalova məğlub olub. Bürünc medal uğrunda görüşdə isə erməni təmsilçisi ilə qarşılaşan Rəsul Çunayev hər iki hissədə (1:0, 2:1) üstün olub.

Beləliklə, yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığmamız Avropa çempionatını 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Azərbaycan yığması komanda hesabında Türkiyə, Rusiya və Gürcüstandan sonra dördüncü olub.

Ümumilikdə, gənc güləşçilərimiz 2011-ci ilin Avropa çempionatından 12 medal qazanıb. Bunlardan 3-nün əyarı qızıl, 5-i gümüş və 4-ü bürüncdür.

Qızıl medal

Aslanbek Alborov (96 kq) - sərbəst güləş
Vilayət Qəhrəmanlı (50 kq) - yunan-Roma güləşi
Eldəniz Əzizli (55 kq) - yunan-Roma güləşi

Gümüş medal

Hacı Əliyev (60 kq) - sərbəst güləş
Məhəmməd Müslümov (66 kq) - sərbəst güləş
Aslan Dzebişov (120 kq) - sərbəst güləş
Patimat Baqomedova (51 kq) - qadın güləşi
Rövşən Tağıyev (60 kq) - yunan-Roma güləşi

Bürünc medal

Mircəlal Həsənzadə (50 kq) - sərbəst güləş
Qalib Əliyev (55 kq) - sərbəst güləş
Marziget Baqomedova (44 kq) - qadın güləşi
Rəsul Çunayev (66 kq) - yunan-Roma güləşi