Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib.
“Qafqazinfo”nun məlumatına görə, nümayəndə heyəti iyunun 28-də Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyə Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclasına qatılıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilk olaraq Ankara şəhərində Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfekçi ilə görüşüb.
Görüşdə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov və Azərbaycan nümayəndə heyətinin digər üzvləri iştirak edib.
Bülent Tüfekçi son illər iki ölkə arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Qarşılıqlı məlumat və təcrübə mübadiləsinin bu sahədəki əməkdaşlığı daha da gücləndirdiyi, Azərbaycan ilə əlaqələrə xüsusi önəm verildiyi, gələcəkdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.

Səfər Mehdiyev ilk olaraq Türkiyədə növbədənkənar prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb, qardaş ölkənin xalqına daha yüksək inkişaf və firavanlıq arzulayıb.
Vurğulanıb ki, Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrinin bəlli olması zamanı ilk təbriki Azərbaycan dövlət başçısının səsləndirməsi ölkələrimizin dostluğunun və qardaşlığının bariz göstəricisidir.
Səfər Mehdiyev qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün iki ölkənin dövlət başçıları tərəfindən uğurla inkişaf etdirilir və strateji tərəfdaşlığın dərinləşməsinə nail olunub. Məhz iki ölkə rəhbərinin birgə səyləri nəticəsində, eləcə də tarixi bağlılıq və bugünkü reallıq baxımından dünya miqyasında Azərbaycan ilə Türkiyə bir-birinə ən yaxın və qardaş ölkələrdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər