General MEMATT maşınlarının sınaq prosesini izləyib

general-mematt-masinlarinin-sinaq-prosesini-izleyib
Oxunma sayı: 2440

Türkiyənin müdafiə sənayesinin istehsalı olan Mexaniki Mina Təmizləmə Təchizatı (MEMATT) Azərbaycanda bütün sınaqlardan keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib. İlk ixracatı Azərbaycana edilən MEMATT maşınlarının sınaq və təlim prosesini Azərbaycan Müdafiə Nazirliyi Mühəndis İstehkam Xidməti İdarəsinin rəisi general-mayor Anar Kərimov və ASFAT rəsmiləri izləyib.

Bakı yaxınlığındakı təlim meydançasında aparılan sınaqda MEMATT sahəyə qoyulmuş bütün minaları məhv edərək Azərbaycan rəsmiləri tərəfindən təqdir edilib. Sınaqlardan sonra nəqliyyat vasitələrindən istifadə edəcək personala sertifikatlar təqdim edilib.

General-mayor Kərimov jurnalistlərə açıqlamasında MEMATT minatəmizləyən maşınların tezliklə erməni işğalından azad edilmiş ərazilərdə minaların təmizlənməsi işlərində iştirak edəcəyini bildirib: “Bu alətdən istifadə minalardan təmizlənmə işlərində həm daha az vaxt aparacaq, həm də daha etibarlı olacaq. MEMATT dünyadakı ekvivalentləri ilə müqayisədə üstün texniki xüsusiyyətlərə malikdir” .

Anar Kərimov Türkiyədən ümumilikdə 20 MEMATT texnikası alındığını açıqlayıb.