General xanımına qarşı dələduzluq edən şəxslərin başqa cinayətləri də üzə çıxdı

General xanımına qarşı dələduzluq edən şəxslərin başqa cinayətləri də üzə çıxdı
Oxunma sayı: 4322

Eyni mənzili bir neçə vətəndaşa satdığı üçün həbs edilən MTK rəhbərləri daha bir cinayətdə ittiham olunaraq cəza alıb.

“Qafqazinfo” xəbər verir ki, “İdeal-V” MMC-nin direktoru Çingiz Məmmədov cəmiyyətin təsisçisi İsa Məmmədovla qabaqcadan əlbir olub rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satdıqları üçün müvafiq olaraq 10 və 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İndi isə Nizami Rayon Məhkəməsi adıçəkilən şəxslərlə bağlı hökm çıxarıb. Məlum olub ki, onlar mənzillərin alqı-satqısı zamanı vergidən də yayınıblar. Satılan mənzillərin pulunu nağd almalarına baxmayaraq, təqsirləndirilən şəxslər əlavə dəyər vergisi, torpaq vergisi və mənfəət vergisi bəyannamələrini təqdim etməyiblər.

Məhkəmə onlar barəsində 3 il azadlıqdan məhrum etmə cəzası çıxarıb. Cinayət Məcəlləsinə əsasən, cəzaların ümumi toplanması qaydasında əvvəlki cəzaları ilə toplanmaqla İ.Məmmədov 12 il 6 ay, Ç.Məmmədov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, “İdeal-V” şirkətinin zərər vurduğu şəxslər arasında ehtiyatda olan general-leytenant, sabiq deputat və icra başçısı Əliağa Hüseynovun ailə üzvləri də var. Generalın xanımı həmin binadan 12 mənzil aldığını bildirirdi. İttihama görə, təqsirləndirilən şəxslər həmin binadakı dələduzluq əməli sayəsində vətəndaşlardan 3,2 milyon manat pulu mənimsəyiblər.

Həmçinin oxuyun: Bakıda tikinti şirkətinin rəhbəri həbs olundu

Amin Nəzərli