Generalın oğlunun evini yaran alpinistə ağır cəza

Generalın oğlunun evini yaran alpinistə ağır cəza
Oxunma sayı: 4714

Bakıda mənzillərdən alpinizm üsulu ilə oğurluq edən Cavid Süleymanov və Əhməd Əhmədovun məhkəməsi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Süleymanov 9, Ə.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər oğurluq əməllərini qeyri-adi şəkildə həyata keçiriblər. Belə ki, Cavid 2016-cı ildə xaricdə alpinizm kurslarında qatılıb. Kurslarda öyrəndiyi vərdişlər sayəsində hündürmərtəbəli binaların damından kəndir vasitəsilə oğurluq edəcəyi mənzillərin eyvanına düşüb. Polislərin onun izinə düşməməsi üçün hadisədən sonra mənzillərin giriş qapılarını sındıraraq hadisə yerindən qaçıb. Bununla da o, guya mənzilə daxil olan şəxsin qapını sındırmaq yolu ilə oradan oğurluq etdiyi görüntüsü yaradıb. Həmçinin, o, ifadəsində oğurluq etdiyi mənzillərdə iz buraxmamaq, hadisə yerindən yayınmağın yollarını öyrənmək üçün kriminalistika və cinayət-axtarış fəaliyyəti haqqında ədəbiyyatlar oxuduğunu da bildirib.

Cavid qarət edəcəyi mənzilləri müəyyən etmək üçün əvvəlcə şəhərin müxtəlif yerlərindəki hündürmərtəbəli binaların kənardan fotoşəkillərini çəkib. Həmin binalarda bir neçə ay müşahidələr apararaq hansı mənzildə yaşayışın olub-olmadığını, ev sahiblərinin mənzilə gəlib-getmə saatlarını müəyyən edib. Bunun üçün binaların sxemlərini hazırlayaraq oğurluq üçün plan qurub. C.Süleymanov oğurluq edən zaman əldə etdiyi qızıl-zinət əşyalarını isə yaşadığı evdə yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb. Cavid Süleymanov ifadəsində oğurluq edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində, yəni, ev sahiblərinin mənzildə olmadığını qətiləşdirəndən sonra daxil olduğunu bildirib.

Cavid Süleymanov oğurluqlar edən zaman onunla eyni vaxtda saxlanılan Əhməd Əhmədov həmin binaların yaxınlığında olub və ətrafda baş verən hər hansı şübhəli hərəkətlər barəsində ona məlumat ötürürmüş. Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Qeyd edək ki, Süleymanovun oğurluq etdiyi mənzillərdən biri də uzun illər DİN-in Cinayət Axtarış İdarəsinin rəisi olmuş general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyevin olub. Məlum olub ki, V. Mirzəyevə 167 min manat ziyan vurulub. Mənzilindən təxminən 150 min manatlıq qızıl və nağd pul oğurlanıb. Silsilə cinayətin üstü də məhz general oğlunun evində baş verən oğurluqdan sonra açılıb. 2016-cı ildən bəri açılmamış oğurluqlar törədən C.Süleymanovun müəyyən edilməsi və tapılması üçün rəhbərlik tərəfindən ciddi göstəriş verilib. Bundan sonra Xətai RPİ əməkdaşları generalın oğlunun evindən oğurluq edən şəxsi ərazidə təhlükəsizlik kameralarını diqqətlə izləyərək tapa biliblər. Həmin evlərdən daha biri isə Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayevə məxsus olub. Onlar C.İsayevin evindən 125 min manata yaxın pul, 34 minlik qızıl-zinət əşyaları aparıblar.  Mənzili qarət olunanlar arasında Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da var.

Amin Nəzərli