Yanvarın 25-də Bakı Baş Gömrük İdarəsində idxal-ixrac əməliyyatları zamanı gömrük və vergi orqanları ilə münasibətdə şəffaf uçot sisteminin qurulması mövzusunda daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya bildirilib ki, görüşdə Prezident İlham Əliyevin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamından irəli gələn məsələlərin hazırkı icra vəziyyəti və bununla əlaqədar tətbiq olunacaq yeniliklər müzakirə edilib.
Eyni zamanda, tədbirin müzakirə mövzusu gömrük əməliyyatlarından sonra vergi uçotunun düzgün aparılması, şəffaflaşdırılması və mal dövriyyəsinin sənədləşdirilməsi, dövriyyələrin leqallaşması, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsilə bağlı məsələlər olub.

Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, DGK sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti struktur bölmələrinin nümayəndələri, Vergilər nazirinin müşaviri Abdulla Tağıyev, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət departamentinin baş direktoru Azər Məmmədov və daşıyıcı şirkətlərin nümayəndələri iştirak ediblər.
İsmayıl Hüseynov bildirib ki, gömrük sistemində aparılan islahatlar, gömrük-biznes əməkdaşlığının inkişafı, məmur-vətəndaş təmasının minimuma endirilməsi, idxal-ixrac əməliyyatlarının qısa vaxt ərzində maneəsiz və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması istiqamətində görülən işlər artıq bəhrəsini verir.
İsmayıl Hüseynov çıxışında həmçinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamından irəli gələn məsələlərin həlli, idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanları arasında qurulan səmərəli əməkdaşlıqdan, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların müstəsna rolundan danışıb və daşıyıcı şirkətlərin nümayəndələrinə qanunvericiliyin tələblərinə uyğun şəkildə faəliyyət göstərməyi tövsiyə edib.
Son xəbərlər
Son Xəbərlər