““İnter”ə icarəyə gedəcəyimlə bağlı yazılanlar həqiqətə uyğun deyil. Hazırkı klubumda qalmaq fikrindəyəm”.
Bunu “Qafqazinfo”ya açıqlamasında “İnter”də icarə əsasında çıxış edəcəyi ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirərkən “Xəzər Lənkəran”ın gənc hücumçusu Elnur Cəfərov deyib.
O, yayılan xəbərləri təkzib edib: “Əslində “İnter”dən təklif var idi. “Xəzər Lənkəran” rəhbərliyi getməyimə icazə vermədi. Dedilər ki, hər şey dəyişəcək. Vəziyyət daha yaxşı olacaq. Bu səbəbdən də heç Bakı klubu ilə danışa bilmədim. Əvvəlcə özüm də getmək istəyirdim. Çünki irəli getmək üçün iddialı komandada oynamalısan. İndiki vəziyyətdə “Xəzər Lənkəran” iddialı deyildi. Amma klub rəhbərliyinin dediklərindən sonra Lənkəranda qalmaq daha yaxşı oldu. Əgər komanda normal vəziyyətdə olacaqsa, niyə doğma klubumdan gedim ki? Hələ ki, burdayam. “Xəzər Lənkəran”la 2 illik müqaviləm var”.
Cəfərov vəziyyətin normal olacağı halda “Xəzər Lənkəran”ı yalnız xarici klublardan birinə dəyişəcəyini sözlərinə əlavə edib: “Klub rəhbərliyinin dediyi kimi olsa, “Xəzər Lənkəran”ı yalnız xarici klublardan birinə dəyişərəm. Legioner həyatı yaşamaq istəyirəm. Yalnız bundan sonra gəlib Azərbaycanda başqa komandada oynaya bilərəm. İddialılardan birinin şərəfini qoruya bilərəm”.
Son xəbərlər
Son Xəbərlər