Girovlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə- - Müraciət

girovlarla-bagli-avropa-insan-huquqlari-mehkemesine-
Oxunma sayı: 834


 “Qafqazinfo”nun Ombudsman Aparatına istinadən məlumatına görə, ombudsman onların girovluqda olduqları müddətdə işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya məruz qalmamaları, onlarla beynəlxalq hüquqi normalara uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Denis Durana müraciət etməklə yanaşı, bir qədər əvvəl Cenevrəyə işgüzar səfəri zamanı BQXK-nin baş iqamətgahında olub və bu qurumun vitse-prezidenti xanım Kristina Börli ilə görüşüb. O, azərbaycanlı girovların qeyri-legitim məhkəmə tərəfindən əsassız mühakimə olunduğunu və onların fundamental hüquqlarının kobudcasına pozulduğunu rəsmi nümayəndənin diqqətinə çatdırıb.

Ombudsman habelə kəlbəcərli girovların ailə üzvləri - S.Musayev, Q.Həsənalıyev, A.Veselova və İ.Quliyevlə də görüşüb, problemləri və qayğıları ilə tanış olub.

Görüş zamanı girovların ailə üzvləri D.Əsgərov və Ş.Quliyevin məsələsinə obyektiv, qərəzsiz baxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) etdikləri müraciətə üç aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də baxılmadığını bildiriblər.

E.Süleymanova vəziyyətlə bağlı, AİHM-nin sədri Din Şpilmana rəsmi qaydada müraciət ünvanlayıb. Həmin müraciətdə girovların heç bir dövlət tərəfindən tanınmayan separatçı rejim "Dağlıq Qarabağ respublikası"nın qeyri-legitim məhkəməsi tərəfindən mühakimə edilməsinin əsassız, beynəlxalq hüquqa zidd olduğu qeyd edilib, uzun müddət işlərinə məhkəmədə baxılmadan saxlanmasının girovların özlərinin, habelə onların ailə üzvlərinin psixoloji sarsıntı keçirmələrinə səbəb olduğu vurğulanıb.

Ombudsman AİHM-dən D.Əsgərov və Ş.Quliyevin məhkəmə işinə ədalətli baxılmasını və bu prosesin sürətləndirilməsini prioritet məsələ kimi nəzərə almasını, onların qanunsuz girovluqdan tezliklə azad edilərək, Azərbaycan tərəfinə qaytarılmasına yönəlmiş tədbirlərin görülməsi ilə bağlı qərar qəbul etməsini xahiş edib.