Girovluqda adam qoyub ölkəyə heroin gətirdilər - Foto

girovluqda-adam-qoyub-olkeye-heroin-getirdiler
Oxunma sayı: 1588

Cəlilabad rayonunda girovluqda adam qoyaraq ölkəyə satmaq məqsədilə heroin gətirən və həmin narkotik vasitəni quldurluq yolu ilə talayan mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib və onlardan ümumilikdə 1 kiloqram yaxın heroin aşkar edilib.

Belə ki, daxil olan məlumat əsasında Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon sakini Ehtibar Məmmədov yaşadığı Ə.Cavad küçəsində saxlanılıb. Onun evinə baxış zamanı su borusunun içərisində gizlətdiyi 304,210 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

E.Məmmədovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edən Cəlilabad rayon sakinləri Əyyub Şükürov və Rəşad Yusubov da tutularaq istintaqa təqdim ediliblər.

Müəyyən edilib ki, qrup üzvləri aralarındakı rol bölgüsünə əsasən İrandan Azərbaycana satmaq niyyəti ilə narkotik vasitə gətiriblər. Onlar şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşları ilə razılığa gələrək Ə.Şükürovu həmin şəxslərin yanında girov qoyub külli miqdarda heroin əldə ediblər. E.Şükürov orada qalandan sonra digər iki nəfər narkotik vasitəni Bakı-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində götürərək R.Yusubovun avtomobili ilə Cəlilabad rayonuna gətiriblər.

E.Məmmədov və R.Yusubov əldə etdikləri narkotik vasitəninin bir qismini Cəlilabad rayonunda qabaqcadan razılığa gəldikləri Qismət Hüseynov və Mirzağa Əzizova 15500 manata satmaq istəyən zaman isə sonuncular pulu ödəməkdən imtina ediblər. Onlar tapançaya oxşar predmetlə və bıçaqla hədələməklə Ehtibar Məmmədova zor tətbiq edib xəsarət yetirməklə quldurluq yolu ilə külli miqdarda narkotik vasitəni talayıb aparıblar. Qeyd edək ki, narkotik vasitələri talayaraq əldə edən  Q.Hüseynov və M. Əzizov da saxlanılaraq istintaqa təqdim ediliblər. M.Əzizovun Səbail rayonunda yaşadığı evdən quldurluq yolu ilə talayıb götürdükləri 580,850 qram heroin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar və əməliyyat tədbirləri davam etdirilir.