Hərdən kənardan elə mövzu, problemlər haqqında eşidirik ki, bizdə belə məsələlər barədə hələ səs çıxaran yoxdur. Bu gün dünya öz dağıdıcılığı nəticəsində”əkdiyi” sağlamlıq problemlərinin həllinə çalışır. Texnikanın və elmin zərərli tərəflərindən bəhlənmək elə sonumuza da səbəb olacaq. Bu qənaətə çox insan gəlib. Obeze(piylənmə) epidemiyası hazırda qabaqcıl ölkələrin əsas problemlərindən birinə çevrilib. Təəssüf ki, biz də bu böhranın astanasındayıq, sadəcə xəbərimiz yoxdur.
“Qafqazinfo” obeze xəstəliyi ilə əlaqədar kiçik araşdırma aparıb.
Piylənməyə doğru...
Obeze və ya digər adıyla piylənmə bir xəstəlikdir. Bunu müasir tibb də təsdiqləyir. İnsan bədənində illərlə(qısa və ya uzun müddətdə) yığılan yağ deposu piylənməyə gətirib çıxarır. Bunu heç də problemə çevirməyən insanlar zamanla vəziyyətindən qaylaqlanan xəstəliklərlə üz-üzə gəlirlər. Onda da kecikmə üzündən tibb çarəsiz qalır. Həmin şəxs nəinki xəstəliklərlə mübarizədə uduzur, eləcə də həyatdan təcrid vəziyyətdə yaşamağa məhkum olur. Mütəxəsislər xəbərdarlıq edir ki, obeze nəticəsində daha çox ürəyin fəaliyyəti zəifləyir, qan-damar, diabet, təzyiq, sümük xəstəlikləri birdən-birə orqanizmi çökdürür. Həddindən-artıq çox kilo ömrün qısalmasına gətirib çıxarır.
Bizim cəmiyyətdə kök adamlar “yeyib-içən”, “pullu” kimi statusları qazanır, belə adamlar öz çəkisi ilə qabaqcadan rəy yaradır. Bu bizimkilərin düşüncə tərzinə görə belədir. Halbuki, “gombul”(gombules), “toppus”, “şişman” kimi adlandırdığımız bu qrup insanlar ən çox xəstəlik daşıyan şəxslərdir. Başqa sözlə, xəstəliyə orqanizmi açıq olan insanlardır. Çox təəssüf ki, bu sahədə yenə də maarifləndirmə, xəbərdarlıq xarakterli məlumatlardan məhrum yaşadığımızdan, bu bizi bir elə narahat etmir.
Son 20 ildə dünyada piylənmə xəstəliyi yüksələn xətlə inkişaf edir. Dünya Səhiyyə Təşkilatının(DST) hesabatına əsasən, dünya qadınlarının üçdə biri, kişilərinin isə beşdə bir hissəsi obeze xəstəliyini yaşayır. Bəzən çoxkilolu insanlar bədənin qeydinə vaxtında qalır, həkim məsləhəti və uyğun pəhriz, idmanla artıq çəkisindən xilas olmağa nail olur. Amma obeze təhlükəsini daşıyan tənbəl insanlar birdə o vaxt ayılır ki, artıq normal çəki uğrunda mübarizəsi çətin olur və ya heç olmur. Obeze xəstəliyinin əsas səbəbi- orqanizmin aldığı enerjini xərcləməməsi, passiv həyat tərzinin seçilməsidir. Buna ən çox oturaq işi olanlar, rejimsiz qidalanan, idman, xüsusən yürüşdən istifadə etməyən, hərəkətdən qorxan insanlar mübtəla olurlar. Son illərin “fast-food” deyilən qidalanma tərzi də obeze xəstəliyinin başlıca səbəblərindəndir. Bu qidalanma forması dünyanın hər yerində istər küçə ticarətində, istərsə də restoran-kafe şəbəkəsində xüsusi yer tutur. Amma həkimlər piylənməyə səbəb kimi orqanizmdəki hormonal pozgunluğu, endokrinoloji xəstəliklərin və irsi xüsusiyyətlərin təsirini də sadalayırlar. ABŞ-ın Milli Yaşlanma İnstitutunun 30 illik araşdırmasına görə, insan xarakteri, əsəbilik, özündən tez çıxma da kökəlmə riskini artırır. Hollandiya alimləri isə belə nəticə çıxarıblar ki, artıqçəkili və siqaret çəkən insanlar tez öldüyündən sağlamlıq üçün xərcləri də çox az olur.
Bədən Kütlə İndeksi nədir?
Köklük, çoxkiloluqdan söz düşən kimi hamı ilk növbədə özü barədə fikirəşir. Əsas “mənim çəkim idealdır” sözünü öz-özünə demək yox, ətrafın sənə deməsidir. Bəs çəkimizin ideal olub-olmadığını necə yoxlamaq olar? İndi Dünya Səhiyyə Təşkilatının(DST) “bədən kütlə indeksi” deyilən qiymətləndirməsi işləyir. Bəziləri bu hesab üsulu ilə razılaşmasa da ən geniş yayılmış qiymətləndirmədir. Düzdü, bizim ölkədə bu barədə məlumatı olan çox az insan, o cümlədən həkim tanımaq olar. Hamının bildiyi bir hesablama forması var. Hər kəsin çəkisi mövcud bədən boyunun yarısına bərabər olmalıdır. DST-nın hazırda istifadə olunan bədən kütlə indeksi(body mass index) isə belə hesablanır. Mövcud insanın bədən boyunun kvadratı həmin insanın kilosuna bölünür. Misal üçün, 70 kiloqram olan şəxsin boyu 1.70-dirsə(bir metr, 70 sm) onda bədən kütlə indeksi 25 kq/ m2 olar deməli, bu şəxs çoxkiloludur, yəni obeze xəstəliyinin astanasındadır. Mövcud qiymətləndirməyə görə, bədən kütlə indeksi 18,5 –dən aşağı olanlar arıq, azçəkili; 18,5-24,9 arasında olanlar normal çəkili; 25-29.9 olanlar çoxkilolu; 30-39.9 arasında olanlar obeze; 40-dan yuxarı olanlar isə morbid obeze, 60-dan yuxarı isə artıq super-morbid obeze xəstəliyini daşıyanlardır. Piylənmə özü də bir neçə dərəcəli olur ki, bunu da həkim-mütəxəsis təyin edir. Hər kəs həkim-diyetisyendən qabaq da öz bədən kütlə indeksini hesablaya bilər. Bu sizin obeze təhlükəsi barədə qabaqcadan xəbər almağınıza kömək edəcək. Bir məsələ də var ki, bu hesab üsulu bir qrup insanlar üçün doğru nəticə vermir. Peşəkar idmançılar məşq etdiyindən onların əzələ və piy çəki nisbəti pozulur. Yaxud yaşlı adamların çoxu hansısa xəstəlik nəticəsində birdən-birə çəki itirir.
Məlumat üçün deyim ki, bədən kütlə indeksi fikrini ilk dəfə 1869-cu ildə belçikalı sosioloq Adolf Kotelet irəli sürmüşdü. Amma ondan sonra Brak, Oder, Toton və digər şəxslərin də öz adları ilə meydana çıxan müxtəlif hesablama üsulları olmuşdu.
Meksika “piylənmə” üzrə birinci yerdədir
Həkimlər kiçik yaşdan etibarən uşaqların doğru qidalanma ilə obezeylə mübarizəni məsləhət görürlər. Uşaqların obeze-piylənməsi daha tez baş verir, amma mübarizə və müalicə xeyli uzun müddət və çətin olur. Çünki uşaqlarda yağ hüceyrələri uşağın böyüməsi ilə daha sürətlə çoxalır. ABŞ dünya ölkələri arasında obeze xəstəliyinin yayılması ilə öndə gedir. Buna səbəb yenə də yalnış qidalanma, doğru və sağlam olmayan xörəklərin seçilməsidir. ABŞ hər il obeze ilə mübarizə üçün 250 milyon dollar xərcləyir. Bir tərəfdən isə amerikalı araşdırmaçılar çoxkilolu insanların daha çox yaşadığını, uzunömürlü olduğunu açıqlayırlar.
Belə ki, onların fikrincə, piyli insanlar qocalma dövründə həmin köklüyün sayəsində bir çox xəstəliklərdən qalib çıxırlar. Arıq insanlar isə qocalanda xəstələnən kimi tez də əldən düşürlər.
Hazırda ABŞ “piylənmiş ölkə” siyahısında ikinci yerdədir. Çünki birinci yerdə Meksikadır. Orada böyüklərin 70%-i, uşaqların isə 35%-i çoxkiloluqdan əziyyət çəkir.
Çox ölkədə obezeylə mübarizə üçün xüsusi mərkəzlər, təbliğat kampaniyaları keçirilir. Hamı ən azı piyada gəzmək, yürüş etmək kimi hərəkətliliyə səslənir. Vəziyyətin tibbi müdaxilə tərəfi də var. Bu isə obeze cərrahları deyilən xüsusi mütəxəsislər tərəfindən aparılır.
Kökəlmək üçün yarış keçirənlər
Dünyanın elə bucağı var ki, oradakı insanlar hələ də sivilizasiyadan uzaq yaşayırlar. Tayfa, qəbilə formasında yaşayan belə insanların da qəribə adət-ənənənləri olur. Misal üçün, Efiopiyanın Ono vadisində Bodi adlı qəbilə yaşayır. Bu qəbilənin kişiləri primitiv həyat tərzi keçirsələr də, Yeni ilin gəlişini qeyd edirlər. Hər Yeni il qabağı buradakı kişilər arasından tez kökələn “gombul” seçilir. İlin yarısında qəbilənin bir qrup kişiləri altı ay ərzində yalnız inək qanı və südü ilə yaşayırlar, yəni qidalanırlar. İlin sonunda isə “Kael” mərasimində ən çox kökələn “gombules” titulunu alır. Bizə qəribə və gülməli gələ də bilər. Amma etiraf edək ki, bizdə nəinki altı ay, eləcə də bir ayın içində sürətlə böyüyən yekəqarınlılarımız var. Kimi formada qalmaq üçün çalışır, kimi də “yekəqarın” olmaq üçün can qoyur.
Raminə Eyvazqızı