Gömrük Komitəsi Avropa Regionu üzrə rəhbər seçildi

gomruk-komitesi-avropa-regionu-uzre-rehber-secildi
Oxunma sayı: 1816

"Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbəri seçilib. Bununla bağlı qərar aprelin 26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində, Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında qəbul edilib".

"Qafqazinfo" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev bu gün keçirilən mətbuat konfransında deyib. İ. Babayev qeyd edib ki, Azərbaycan 2 il müddətinə Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbər seçilib: "Beynəlxalq aləmdə söz sahibi olan, dünya ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsində xüsusi rol oynayan Böyük Britaniya, Türkiyə və Rusiya Federasiyası, Qazaxıstan və s. bu kimi Avropanın nəhəng dövlətlərinin Azərbaycanı dəstəkləməsi, şübhəsiz ki, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasətin təntənəsi kimi qiymətləndirilməlidir. 

Son illər Azərbaycanda siyasi, iqtisadi, humanitar mövzularda keçirilən beynəlxalq konfrans və forumlar, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və “Formula 1” kimi mötəbər idman yarışları, mədəniyyət və incəsənət sahəsində beynəlxalq tədbirlər dövlətimiz və onun rəhbəri tərəfindən dünyanın tərəqqisinə yönələn töhfələr kimi dəyərləndirilir.

Prezident İlham Əliyev tərəfindən beynəlxalq ticarətin təhlükəsiz şəkildə reallaşdırılması,  sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə atılan addımlar, həyata keçirilən islahatlar, eyni zamanda, gömrük orqanlarının bu istiqamətdə qarşıya qoyulan vəzifələri uğurla icra etməsi təkcə Azərbaycan vətəndaşlarının deyil, region və dünya dövlətlərinin də iqtisadi inkişafına, xalqların rifahının yaxşılaşdırılmasına münbit şərait yaradır. Bu da Azərbaycanın dünyada nüfuzunun sürətlə artmasını, ölkəmizə beynəlxalq aləmdə göstərilən etimadın yüksəlməsini təmin edən amillərdir. 

Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, gömrük sistemində aparılan islahatlar da kompleks xarakter daşıyır. İslahatlar fiskal siyasətin, maliyyə-uçot sisteminin düzgün qurulmasını, şəffaflığın təmin edilməsini, qaçaqmalçılığa qarşı effektiv mübarizə aparılmasını təmin etməklə yanaşı, ölkə gömrüyünün dünya gömrük ailəsinin ən etibarlı üzvünə çevrilməsinə şərait yaradıb. 

Təkcə son bir ildə Azərbaycanda 100-dən çox ölkədən ümumilikdə mindən artıq nümayəndənin,  beynəlxalq ekspertlərin, gömrük xidməti rəhbərlərinin, hökumət və özəl sektor təmsilçilərinin iştirakı ilə keçirilən Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans kimi tədbirlər Azərbaycan gömrük orqanlarının beynəlxalq aləmdəki nüfuzunun bariz nümunəsidir. 

İstər adıçəkilən beynəlxalq tədbirlər, istərsə də bu ilin iyununda Ümumdünya Gömrük Təşkilatının Bakıda keçiriləcək informasiya texnologiyaları sahəsində beynəlxalq konfrans və sərgisi Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə dəstəyi, tapşırıq və tövsiyələri əsasında təşkil olunan mühüm tədbirlərdir. Bilirsiniz ki, Ümumdünya Gömrük Təşkilatının 6 regionu üzrə sədrinin müavini var. Avropa regionu üzrə iki illik sədr müavini seçilir. Həmin vəzifə həm də Avropa regionu gömrük xidmətlərinin rəhbəri vəzifəsini icra edir. Bu vəzifə Avropa ölkələri gömrük xidmətlərinin strateji gömrük hədəfləri üzrə formalaşmış layihələrin icrasını təmin  və nəzarət edir. Avropa regionu üzrə potensialın gücləndirilməsi sahəsində institusional inkişaf sahəsində əlaqələndirici rol oynayır. Avropa regionları üzrə gömrük xidmətlərinin rəhbərlərinin toplantısı, onların iclasları,  qərarların qəbul edilməsi üçün Azərbaycan bu ölkələri bir yerə toplamaq imkanına malikdir. Eyni zamanda Avropa regioni üzrə  gömrük sahəsində keçirilən bütün istiqamətlərdə, hüquqpozma, maliyyə məsələləri və. s bu kimi istiqamətlərdə Azərbaycanda seminarlar keçiriləcək. Bu sahədə Azərbaycan potensialın gücləndirmək üçün əlaqələndirici qurum olacaq. Bu kimi səfərlər ölkəmizin turizminə də dəstək olacaq. Eyni zamanda, həmin ölkələrə Azərbaycan həqiqətlərinin Dağlıq Qarabağ problemini çatdırmaq imkanımız olacaq. Burada təşkil olunan bütün tədbirlər Ümumdünya Gömrük Təşkilatı tərəfindən maliyyələşdiriləcək".

Günel Türksoy

Foto: Pərvin Zeynal