Rüşvət verməkdə və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşları barəsindəki hökmdən apellyasiya şikayəti veriblər.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, iş üzrə təqsirləndirilənlərdən DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektoru Neman Abbasov və Türkmənistan vətəndaşı Baylyyev Aman istintaq dövründə həbsdə olublar.
Digər təqsirləndirilənlər – DGK əməkdaşları Adil Kazımov, Aytəkin Tağıyeva və Muxtar Qasımov və qızıl alverçisi Ziyafət Qurbanova zamində olublar. Z.Qurbanova "Moskva" univermağında qızıl satışı ilə məşğul olub və Türkmənistandan qaçaq yolu ilə gətirilən qızılların burada satışını təşkil edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Türkmənistan vətəndaşı olan Aman Muhamməd Baylyyevə 1 il sınaq müddəti olmaqla 6 il şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Gömrük Komitəsinin əməkdaşlarından Neman Abbasov 9 il, Adil Kazımov və Muxtar Qasımov 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. A.Kazımov və M.Qasımov məhkəmə zalında həbs ediliblər. DGK-nın digər əməkdaşı Aytəkin Tağıyeva və qızıl alveri ilə məşğul olan Ziyafət Qurbanova 6 il şərti cəza verilib.
Şərti cəza alanlar hökmdən razı qalsalar da, azadlıqdan məhrum edilən N.Abbasov, A.Kazımov və M.Qasımov hökmdən apellyasiya şikayəti veriblər. Şikayət icaata götürülüb və aprelin 5-də ilkin baxış iclası keçiriləcək. Prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov sədrlik edir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər