Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü İclası keçirilib

gomruk-meseleleri-uzre-birge-komitenin-ucuncu-iclasi-kecirilib
Oxunma sayı: 861

Dövlət Gömrük Komitəsi və Türkiyə Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü İclasında iştirak etmək üçün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenatı Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdədir. "Qafqazinfo"ya daxil olan məlumata görə, nümayəndə heyətində Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-mayoru Səhhət Həbibbəyli, eləcə də Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarının rəhbərləri də təmsil olunurlar.

Oktyabrın 11-də Türkiyə Respublikasının Ankara şəhərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü İclası keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin və Türkiyə Respublikası Ticarət nazirinin müavini Qonca Yılmaz Baturun rəhbərliyi ilə nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə iki qardaş ölkənin gömrük orqanları arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonda “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında 2019/2020-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair Tədbirlər Planı” və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü İclasının Protokolu imzalanıb. Sənədləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Türkiyə Respublikası Ticarət nazirinin müavini Qonca Yılmaz Batur imzalayıblar.

Xatırladaq ki, Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin dördüncü İclası növbəti il Bakıda keçiriləcək.