Martın 11-də Qazaxıstanın Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin 7-ci iclası keçirilib.
Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
İclasda öncə ötən dövr ərzində görülən işlərlə bağlı üzv dövlətlərin nümayəndə heyətləri başçılarının hesabatları dinlənilib. Öz növbəsində, Azərbaycan nümayəndə heyətinin rəhbəri İsmayıl Hüseynov çıxışında bildirib ki, bu cür tədbirlərin təşkili Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük orqanlarının nailiyyətləri, yaranan problemlər və gömrük sahəsində həyata keçirilən islahatlarla bağlı məlumat və fikir mübadiləsi, eləcə də çoxtərəfli gömrük əməkdaşlığının inkişaf yollarının müzakirə edilməsi baxımından faydalıdır.
Diqqətə çatdırılıb ki, Azərbaycan gömrük sistemində işin optimallaşdırılması, nəzarət mexanizminin təkmilləşdirilməsi və işin mərkəzləşdirilmiş qaydada təşkili üçün struktur islahatları da keçirilib.
Çıxışının sonunda İsmayıl Hüseynov onu da bildirib ki, Türkdilli Dövlətlərin Gömrük Xidmətləri tərəfindən gömrük hüquqpozmaları ilə mübarizə sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət ayrılır.
Tədbir zamanı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sonda isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin növbəti iclasının Qırğızıstanda keçirilməsi qərara alınıb.
Son xəbərlər
Son Xəbərlər