Mayın 9-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş və Akademiyada təşkil olunan 5 həftəlik hazırlıq təlimlərini uğurla başa vurmuş əməkdaşlar üçün andiçmə mərasimi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, təlimləri uğurla başa vuran 139 əməkdaş Gömrükçü Andı içib və hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum gününə təsadüf edən Gömrükçü Andının əhəmiyyətinə toxunub, gömrükçülərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Komitə sədri vurğulayıb ki, gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər.
Səfər Mehdiyev müstəqil Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna nəzər salaraq, gömrük sistemində əldə edilən böyük uğurların məhz ulu öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olduğunu qeyd edib. Bu gün Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayan DGK sədri gənc gömrük əməkdaşlarına tövsiyələrini verib.
Sonra çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində keçirilən andiçmə mərasiminin əhəmiyyətindən danışıb.



Son xəbərlər
Son Xəbərlər