Gömrükdə “yataq dəsti” biabırçılığı

gomrukde-yataq-desti-biabirciligi
Oxunma sayı: 8907


Hörmətli Aydın müəllim!

Bizdə artıq dəb halını alıb, birbaşa rəhbərə müraciət olunmasa, heç kim problemləri görüb, həll etmək fikrinə düşmür. Elə ona görə də birbaşa sizə üz tutmaq qərarına gəldim. 

Çox vaxtınızı almayacam. Qısaca deyim ki, martın 15-də İstanbul-Gəncə reysi ilə ölkəmizə təşrif  buyurdum. Gəncə aeroportunda vətəndaşlardan bir neçəsinin bağlamasının saxlanması diqqətimi çəkdi. Öz-özümə “axı yoxlanıb təyyarəyə minmişik, təkrar niyə yoxlama aparılır?” - deyə düşündüm və deyinə-deyinə yük torbasını açan şəxsə yaxınlaşdım. Sinəsindən asılmış sənəddə “Rəşad Tağıyev” yazılmış əməkdaşınız sərnişinə dedi ki, ölkəyə yataq dəsti, dəsmal gətirmək qadağandır, ona görə də yükündə olan 2 cüt yataq dəsti və dəsmallar müsadirə olunacaq. Dözmədim, səbəbini soruşdum. Çox kobud şəkildə “sizə izahat verməliyik? Dedim “qadağandır”, deməli, olmaz” – cavabını aldım. İnanın, daha da marağım artdı, “axı niyə? Mümkünsə, yataq dəstinin gətirilməsini qadağan edən sənədi göstərin” - deyə tutdurdum. 

Hərəkətim malı əlindən alınan vətəndaşı da ürəkləndirdi. Astadan pıçıldadı ki, ötən ildən ölkəyə Türkiyə istehsalı olan yataq dəstlərinin, dəsmalların gətirilməsi yasaqlanıb. Səbəb də odur ki, “Gilan Holdinq” Sumqayıtda həmin məhsulların istehsalına başlayıb və hamı yerli mal alsın deyə xarici malların gətirilməsi qadağan edilib. Bu holdinqin kimə məxsus olduğunu da soruşdum. Sərnişinlər tez dedilər ki, hörmətli nazirimizindir. Mən də dedim ki, axı, adam dövlət məmurudur, biznesmen deyil. Boş yerə adını hallandırıb günaha batmayın. Lap tutaq ki, elədir, bir nəfərin malları satılsın deyə kiçik sahibkarların hüququ tapdanmalıdırmı? Yaxud da alıcını necə məcbur etmək olar ki, üzünü su çəkməyən həmin o yerli dəsmalla qurula? Hətta dedim ki, inanmıram Dövlət Gömrük Komitəsi kiminsə biznes maraqlarını güdsün. 

Həm mənim, həm də mal sahiblərinin israrlarına baxmayaraq, nə müsadirə olunan mallar protokollaşdırıldı, nə də bizə sənəd göstərildi. Əksinə, əməkdaşlarınız olduqca kobud rəftar edərək, əşyaları ortaya dağılmış sərnişinə “bizim işimiz yükləri açmaqdır, sənə zənbil tapmaq yox. Şeylərini yığışdır burdan” – deyə əmr də verdilər. Mənə isə “ya özün çıx, ya da səni atacağıq bayıra” xəbərdarlığını etdilər. Qolumdan tutub məni aeroportdan çıxarmaq istəyən qadın əməkdaşınızın sinəsinə vurulmuş sənədindən adını oxuyandasa, guya öz aləmində məni ələ saldı: “İstəyirsən atamın da adını deyim? Guya kimdən qorxuruq? Komitə rəhbərliyi bizə deyir bu malları buraxmayaq, biz də buraxmırıq” . 

Atasının adını söyləməsə də, öz adını öyrənə bildim: Elnarə Əhmədova.

Daha iki əməkdaşınız – Samir İsmayılov və Nicat Novruzov da malları müsadirə edilən vətəndaşlarla kobud rəftar edirdilər. Hətta məni göstərərək, “gedin dərdinizi jurnalistə deyin görək nə edə biləcək?” – deyə əyləndilər də.  

Təbii, mənim əlimdən yazmaqdan, bu hadisəni sizə çatdırmaqdan başqa nə gəlir ki?! 

Hörmətli Aydın müəllim! 

Vallah, komitənin saytına da baxdım, qaydaları, yasaqları da ələk-vələk elədim, amma ölkəyə gətirilməsi yasaqlanan mallar arasında yataq dəstinin, dəsmalın adına rast gəlmədim. Heç bu məhsulları “Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika; radioaktiv maddələr; narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat; əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar; narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar” bölümünə aid edə bilmədim. Əlac qalır sərnişinlərin dediklərinə inanmağa.

Ona görə də xahiş edirəm, ya yataq dəstlərinin, dəsmalların ölkəyə gətirilməsinə qoyulan qadağanın səbəbini açıqlayın, rəsmiləşdirin, ya da işçilərinizin qeyri-qanuni hərəkətlərinə son qoyun. Yox, deyildiyi kimi, bunların heç birini etməyə gücünüz çatmırsa, o zaman dövlət büdcəsindən bir az pul xərcləyib işçilərinizə ədəb-ərkan qaydaları öyrətdirin. Biz cəhənnəm, bu ölkəyə gələn əcnəbilərdən ayıbdı...