Nəzərə alsaq ki, Azərbaycan ədəbiyyatının əksər nümayəndələri paytaxtda yaşayır, 3-5 sayt və 5-6 qəzet-jurnallar sayəsində ədəbi mənzərənin hardan başlanıb harda sonuclandığını görmək olur, onda çox da “ay belə gəldi elə getdi” deyə uzun-uzadı danışmağa, çənə zənguləsinə nə hacət. Ay qaqaş, hamı göz qabağındadır, gözlərini qırğız gözündən azca iri açmaq bəs edir ki, olub bitənləri görəsən. Ancaq kimdir e görən... Çoxları tısbağa kimi öz qınına çəkilib, dünya-aləmdən də xəbərləri yox.
Bəzən üstörtülü, ancaq kiməsə ünvanlı yazı yazırsan, fəqət ad çəkib gözdən salmaq istəmirsən. Düşünürsən ki, “qurban olsun qurban olduğuna”. Ancaq həyatdakı digər hədəfləri qırğı kimi görənlər özünü yazıda görmürlər. Bəlkə görüb, səndən üstüörtülü incisələr düşünərsən ki, “məktub ünvanına yetişdi”. Fəqət belə həmkarlarla şəhərdə, tədbirlərdə rast olanda Mirzə Cəlilin “Zırrama”sı kimi aman vermədən, birnəfəsə danışırlar, adamın lap əhədi kəsilir: “Əla yazmışdım, başa düşsələr çox söz demisən”-filan. Belə olanda abrıma bükülüb ya heç nə demirəm, ya da “görək də, anlasalar pis olmaz” deyib ironiyamı bir qədər də hündür minbərə mindirib uzaşıram. Söhbətimizdən belə nəticə hasil olur ki, mən o yazını guya həmin adamın zəhləsi gedən başqa bir həmkarından yazmışammış.
Mirzə Ələkbər Sabir ad çəkməyib deyə elə bilirlər ki, Sabir öz dövrünü tənqid edib, Qasım bəy Zakir ad çəkib deyə elə zənndədirlər ki, o konkret adamlara sözünü deyib, məsələ də qapanıb. İndi sözümün canı nədir, canım sizə desin, demək olar çox az adam özünü görür, əksəri meymun kimi güzgüdən qorxur. Tənqidi yazını oxuyanda özlərini unudurlar, yazıda ya müəllifi axtarırlar, ya da zəhlələri gedən adamları. Ancaq bircə yol adını çəksən həmin adam özünü yaxşı tanıyacaq və tapacaq yazıdan. Bu gün bunların gərək bir-bir adını çəkəsən. Bilirsizmi bu niyə belədir, çünki ad bizim varlığımızla bağlı yeganə təyinatımızdır. Adımızdan başqa heç nəyimiz bizi tam təsdiq eləmir, biz nə obrazımızda tam varıq, nə yaradıcılığımızda, nə də əməlimizdə... ...biz ancaq adımızdan ibarətik...
Son xəbərlər
Son Xəbərlər