“Aqrar sektorda emal məhsullarına nəzər yetirsək, bu sahədə görüləsi işlərimiz çoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Torpaq Məcəlləsində dəyişikliklə bağlı aparılan müzakirə zamanı deyib.
Şöbə müdiri qeyd edib ki, bu gün fermerlərimiz istehsal etdikləri məhsulların bazara çıxarılmasında, onların sənayeləşdirilməsində çətinliklərlə rastlaşırlar: “Son vaxtlar xeyli aqroparklar, sənayeyönümlü müəssisələr yaradılıb və ixrac potensialımız güclənib. İstəyirik ki, gələcəkdə ölkə kənd təsərrüfatı sahəsində xammal ixracatçısından məhsul ixracatçısına çevrilsin”.
İ.Həbiyev bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası təməl olaraq dəyişmir: “Məsələn, taxıl tarlasında digər təyinatlı tikintinin aparılmasına yol verməyəcəyik. Orada taxıl anbarları, müvəqqəti saxlama qurğuları quraşdırıla bilər”.
Zaur Mirzə