“Görün, biz nə günə qalmışıq…” - Hicran Hüseynova

gorun-biz-ne-gune-qalmisiq
Oxunma sayı: 2921

“Valideyn ən son anda mənim yanıma gəlib deyir ki, məni uşağımdan azad elə”.

Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisdə keçirilən dinləmədə bildirib.

Onun sözlərinə görə, ailədaxili münaqişələrdə baş verən bəzi hallarla rastlaşanda təəccüblənir: “ Düzdür, Azərbaycan da qloballaşan dövrdə yaşayır. Bizə mənfi və müsbət təsirlər də var. Uşaqlar bütün günü hansı proqramlara baxırlar, nə ilə məşğuldurlarsa valideynin bunlardan xəbəri yoxdur. Bizdə həmişə ailədə ağsaqqalın, uşağın sözü keçirdi. Mənim yanıma artıq iş işdən keçəndə gəlirlər. Valideyn deyir ki, məni uşağımdan azad elə. Görün, biz nə günə qalmışıq… Qanunvericilikdə olan boşluqları doldurmalıyıq. Valideynlərin məsuliyyəti artırılmalıdır. 14 yaşında olan qızı valideyn ərə verməyi fikirləşir. Mütləq onun qurduğu ailədə münaqişə üzə çıxır. Ailə psixoloqu institutu formalaşmalıdır”.

H. Hüseynova qeyd edib ki, komitədə boşanmların səbəbi araşdırılıb: “Məlum olub ki, bu heç də sosial problemlərlə bağlı deyil. Ən kasıb ailədə bir-birinə hörmət var. Ancaq çox ailələrdə kişilərin məsuliyyəti azdır. Evlənirlər, deyirlər ki, xoşagəlməz hal oldu, sonra boşanırıq. Belə olmaz”.

***

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə çıxışında qeyd edib ki, anormal dindarlaşma bütün dinlərdə var: “Bu təkcə İslam dinində mövcud deyil. Bunlara dini ekstremizm, ailə dəyərlərinin deqradasiyaya uğraması kimi amillər  daxildir. İslam dinində şəriətlər eyni olsa da mədəniyyətlər fərqlidir. Din pərdəsi altında xalqlara məxsus həyat tərzi islam həyat tərzi kimi təqdim olunur. Nəticədə Azərbaycan ailəsi ərəbləşir, farslaşır. Yad ailə modelləri bizim üçün təhlükədir. Əgər ənənəvi ailə institutu  laxlayacaqsa təbii ki son nəticədə zərbə milli dövlətçiliyə zərbə dəyəcək. Etiraf edək ki, İslamda bir neçə vaxtda 4 qadınla ailə qurmağa icazə verilir. Ancaq bu ərəb mədəniyyətinə xasdır. Azərbaycan mədəniyyətində bu qəbul olunmur”.

Günel Türksoy