"Qafqazinfo" məlumatı dəqiqləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Vaqif Cavadovla əlaqə saxlayıb. Onun sözlərinə görə, hazırda işçi qüvvəsi Göygöl Milli Parkının ərazisində təmizləmə işləri aparır:
"İki- üç saat ərzində ərazidə olan zibillər yığışdırıldıqdan sonra vətəndaşlar tam sərbəst parka daxil olub ziyarətlərini edə biləcəklər".
Direktor qeyd edib ki, istənilən insan axını olan yerdə zibillənmə də, qayda pozan da olur: “Təbii ki, biz bunun qarşısını almaq üçün sərt tədbirlər görürük. Cərimələr tətbiq olunur, qara siyahı tərtib olunur. İtaətsizlik göstərən vətəndaşlar qara siyahıya daxil olacaq. Onlar növbəti dəfə Milli Parkın giriş qapısından buraxılmayacaq. O siyahı nazirliyin saytında yerləşdiriləcək. Amma bununla yanaşı biz həftədə bir dəfə Milli Parkda sanitar gün keçirəcəyik. Sanitar gündə bütün işçi qüvvəsi əraziyə cəlb olunacaq, zibillər yığışdırılacaq. Hazırda işçi qüvvəsi ərazinin müxtəlif yerlərində təmizləmə işləri aparır. Bu gün iki- üç saat ərzində ərazidə olan zibillər yığışdırıldıqdan sonra vətəndaşlar tam sərbəst parka daxil olub ziyarətlərini edə biləcəklər”.
***
V.Cavadov trend-ə açıqlamasında bildirib ki, Milli Parkın ərazisini zibilləyən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan sərt tədbirlər görüləcək və İnzibatı Xətalar Məcəlləsinə görə 800 manatadək cərimələnəcəklər: "Bu gün Milli Park məişət tullantılarından təmizlənmək üçün bir neçə saatlıq bağlanıb. Ancaq bu o demək deyil ki, biz məişət tullantılarını təmizləyəcəyik, vətəndaşlar isə zibilliyəcəklər".
V.Cavadov, həmçinin deyib ki, Milli Parkı zibilləyən vətəndaşların müəyyən edilməsi üçün əraziyə təhlükəsizlik kameraları da quraşdırılacaq.
Milli Park ərazisində zibil qutularının az olması barədə səslənən fikirlərə münasibət bildirən V. Cavadov deyib ki, Milli Parkda 100 litrlik 25 təkərli zibil qutusu, 1000 zibil torbası mövcuddur. Hər gün iki dəfə zibillər daşınır.
Qərara alınıb ki, daha 25 100 litrlik təkərli zibil qutuları qoyulsun.
Onun sözlərinə görə, Milli Park vətəndaşların istifadəsinə verilən zaman, ilk günlər təxminən 3500-4000 insan daxil olurdu. Hazırda vətəndaşların axınında azalma hiss olunur.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər