Zalda oturan hər kəsin gözləri dolmuşdu – təkcə 6 yaşlı cocuqdan başqa... Onun əlində kiçik, əl boyda gəlincik vardı. Qalan hər kəs ağlayırdı: vəkillər də, şahidlər də, hamının daim haqqında “rüşvətxor” dediyi hakim də. Ən çox ağlayan analar idi. Həmin 6 yaşlı cocuğun anaları. Bəli-bəli, onların hər ikisi uşağın anasıydı: biri bioloji, yəni onu doqquz ay qarnında saxlayıb doğan, o biri onun doğulduğu gündən indiyədək saxlayan ana.
İndi hamı hakimin qərarını gözləyirdi. Bu göygöz, 6 yaşlı qızın kimdə qalacağına o qərar verəcəkdi: hamının zalım dediyi gözüyaşlı hakim!
Cocuğun anasının gözünün qabağına ötən illər gəlirdi: hələ iki aylıq hamilə olarkən aborta getmək istəmişdi. Çünki iki qızdan sonra üçüncüsünü arzulamırdı. Bunu bilən övladsız bacısı yalvararaq uşağı dünyaya gətirməsini istəmişdi; əks halda ailəsi dağılacaqdı.
Uşağı anadan olan kimi bacısına vermiş, illər sonra peşman olmuşdu. Bacısından uşağı istəyəndə rədd cavabı aldığından məhkəməyə getmişdi.
İndi həmin məhkəməydi və hamı hakimi nə deyəcəyini gözləyirdi. Təkcə 6 yaşlı cocuq nə baş verdiyini bilmirdi...
Nəhayət hakim qərarını verdi: uşaq onu böyüdən anada qalacaqdı!
Bioloji ana özündən getdi. Bacısı isə tələm-tələsik uşağın əlindən tutub apardı.
Uşağı doqquz ay qarnında gəzdirib onu işıqlı dünyaya gətirən ana özünə gələndə gözünü açıb cocuğun bayaq durduğu yerə baxdı. Və qəflətən yerindən sıçrayıb uşağın boş yerinə tərəf cumdu. Əri qadının başına hava gəldiyini düşünürdü. O isə yerə əyilib bapbalaca gəlinciyi əlinə götürüb dodaqlarına apardı. Oyuncağı bağrına basıb fikrə getdi: görəsən abort etdirsəydi uşağı kimdən istəyəcəkdi?
Son xəbərlər
Son Xəbərlər