“Bu gün hətta siyasətçilərdə də belə fikir formalaşıb ki, prezidentin islahatlar paketində baş nazirin dəyişdirilməsi məsələsi də yer almalıdır. Baş nazir dəyişməzsə, heç bir islahatın xeyri olmayacaq. Açığı, bu cür fikirləri oxuyanda gülməyim gəlir. Həm də Azərbaycanda ciddi siyasi biliyi olan və ölkənin ictimai-siyasi həyatında fəal olan adamların belə düşünməsi acınacaqlı haldır. Axı, Azərbaycanda güclü baş nazirin olması kimə sərf edir? Bu məgər YAP-a sərf edir? Məgər, bu şəxsən prezident İlham Əliyevə sərf edirmi? Birmənalı olaraq xeyr!”
"Qafqazinfo" xəbər verir ki, bu sözləri yeni yaradılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib.
“Azərbaycan prezident üsuli-idarəsi olan bir respublikadır. Son söz hər zaman prezidentindir” deyən AXCP sədri bildirib ki, prezident heç zaman istəməz ki, hər hansı bir iddialı fiqur ölkənin ikinci postuna otursun və onun göstərişlərini təftiş etsin:
“Kim buna razı olar? Məgər Azərbaycan Amerikadır, yoxsa Yaponiyadır? Bizdə güclü baş nazir ola bilərmi? Belə nazir bir ildən sonra qalan ömrünü ya həbsxanada, ya da mühacirətdə keçirər. Hələ 16-cı əsrdə Osmanlı İmperyasının ən qüdrətli hökmdarı olan Sultan Süleyman onun qüdrətini kölgələyən vəziri Parqalı İbrahimi yatdığı yerdə boğdurmuşdu”.
Razi Nurullayev qeyd edib ki, məsələ yalnız ölkənin birinci şəxsinin öz qüdrətini kölgədən qorumaq məsələsində də deyil:
“Düşüncəmə görə, güclü baş nazir ölkəmiz üçün xeyirli olmaya da bilər. Əslində, bu komandalaşma, ittifaqlaşma və dövlət içində dövlət yaratma anlamına gəlir. Bu baxımdan Azərbaycan üçün bu sərfəli variant deyil. Baş nazir əslində, yaxşı təsərrüfatçı və iddiasız adam olmalıdır. Yəni, Azərbaycanın hazırkı durumu və statusu üçün baş nazirin belə olması məqbuldur. Əks halda, başını çiyinləri üzərində saxlaya bilməz”.
Baş nazirin Azərbaycan siyasətində yalnız icraçı olduğunu deyən AXCP sədri, “Baş nazirin kim olması həqiqəti dəyişdirə bilməz. Göstərişlər prezident tərəfindən gəlir və yerinə yetirilir” deyə bildirib:
“Baş nazir birinci şəxsdən gələn göstərişləri ünvanlarına çatdırır. Baş nazir istəsə də güclü ola bilməz. Güclü olmaq istəyərsə, Parqalı İbrahimin taleyini yaşamaq riski ilə üzbəüz qala bilər. Artur Rəsizadə siyasi hakimiyyət üçün kifayət qədər uğurlu şəxsdir və prezident onu kreslosundan ayrımaq niyyətinə düşməz. Bu o zaman baş verər ki, Artur müəllim sağlamlıq baxımından vəzifəsini icra edə bilməsin. O isə, maşallah buz baltası kimidir”.
Son xəbərlər
Son Xəbərlər