“Azadlıq”a daxil olan məlumatlarda isə qeyd edilir ki, bu əfv digərlərindən fərqlənməyəcək. Yəni, siyasi məhbusların böyük bir hissəsi yenə də həbsxanada qalacaq. Məlumatlarda həmçinin qeyd edilir ki, sabiq deputat Gülər Əhmədova əfv oluna bilər. Gülər Əhmədova “mandat alveri”nə görə həbs edilib. Onun həbsi fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin “mandat alveri” ilə bağlı yaydığı videogörüntülərdən sonra reallaşıb. Lakin Gülər Əhmədova bu görüntülərin saxta olduğunu iddia edir. Digər tərəfdən məlumatlara görə, hakimiyyətlə sabiq deputat arasında anlaşma olub. Həmin anlaşmaya görə Gülər Əhmədova qısa müddətdə azadlığa qovuşmasının müqabilində iqtidara yönəlik heç bir açıqlama verməməlidir. İlk vaxtlarda “ağzımı açdırmayın” bəyanatı verən Gülər Əhmədovanın sonradan susması bu anlaşma ilə izah edilir.
***
"Gülər Əhmədovanın əfv olunacağı ilə bağlı xəbərlər şayədir. Biz hələki Əfv Komissiyasına müraciət etməmişik".
Bu sözləri Movqe.az-a açıqlamasında sabiq deputat, hazırda həbsdə olan Gülər Əhmədovanın vəkili Əfsər Talıbov söyləyib. Ə. Talıbov bildirib ki, qaydaya görə, bunun üçün Komissiyaya müraciət olunmalıdır: "Bu xəbər hardan qaynaqlanır bilmirəm. Amma biz hələki Əfv Komissiyasına müraciət etməmişik. G. Əhmədovanın əfv olunması üçün Əfv Komissiyasına müarciət olunub-olunmayacağı isə hələki bəlli deyil".