Gülümsə, Rey!

gulumse-rey
Oxunma sayı: 1959



Bir-iki gündür ki, media camiyəsində peşəkarlığına və əqidəsinə hörmət elədiyim həmkarlarımın başqa bir həmkarımız Rey Kərimoğlunun müdafiəsinə qalxmasını müşahidə edirəm. Amma əvvəl anlamadım ki, kimdən və nədən? Sonra bəlli oldu ki, sosial şəbəkələrdə kimlərsə Reyin bostanına daş atıb. Amma bunun da niyəsini anlamadım.

Axı kim və niyə Reyin bostanına daş atsın ki? Olmaya mərhum qazi qardaşımızı Rey yandırıb?

Əslində Reyi kimdən və nədən müdafiə etmək lazım olduğunu da anlamıram. 1988-ci ilə qədər, Şirin Mirzəyevin batalyonunda olanda, yaralananda, parlamentdə damarını kəsəndə, erməni jurnalistlərlə Tiflisdə polemikaya girəndə, “Media açarı” alanda və jurnalistlərin binasında ev alanda Rey kim idisə, indi də odur. Və Rey başqalarından fərqlənir.

Rey döyüldüyü və söyüldüyü üçün yox, döyüşdüyü üçün başqalarından fərqlidir. Onun hansısa fikirləri kiminsə xoşuna gəlməyə bilər. Kimsə onun fikirləri ilə razılaşmaya bilər. Amma bu onun döyüş yolunun üstündən xətt çəkə bilməz.

Açığı deyim ki, mənim də onunla üst-üstə düşməyən fikirlərim var.

Məsələn, Rey hesab edir ki, heç kəsin gözləmədiyi halda çox yaxın zamanlarda müharibə başlaya bilər. Mən isə hesab edirəm ki, yaxın zamanlarda nə müharibə başlayacaq, nə də yaxın zamanlarda biz Qarabağa, Ağdama gedə biləcəyik.

Rey Qarabağ döyüşlərində iştirak edən insanlara qayğı göstərilməsi və müharibənin aktiv fazasında hərbi jurnalistlərin fiksə etdiyi faktların arxivləşdirilməsi sahəsində olan problemlərin aradan qaldırılması ilə bağlı yeni müdafiə nazirinə müraciət edir. Mən hesab edirəm ki, bu, nazir səviyyəsində yox, qanunvericilik səviyyəsində həll olmalı məsələdir.

Rey hesab edir ki, “Qarabağ” Quzanlıda oynamalıdır. Mən isə hesab edirəm ki, indiki şəraitdə “Qarabağ” Bakıda oynamalıdır.

Rey hesab edir ki, Əkrəm Əylislini söymək olar. Mən isə hesab edirəm ki, onu söyüb əzabkeş obrazı yaratmağa dəyməz.

Və sonuncu mübahisəmizə görə, Rey məni Facebook dostluğundan çıxarıb. Əsası da bu olub ki, mənim yazdıqlarımı görəndə əsəbiləşir.

Amma o yenə də həmən Rey olaraq qalır. Bir az əsəbi, bir az xəyalpərəst…

Bütün bunlardan sonra yenə fikirləşirəm ki, Reyin bostanına axı niyə daş atırlar? Cavab verməkdə çətinlik çəkirəm.

Amma anormal olsa da, mən bunu qəbul edirəm. Çünki dünən söydüyünü bu gün öyən, dünən öydüyünü bu gün söyənləri az görməmişəm. Və Reyi bu gün söyənlərin dünən onu öyənlər olduğu da mümkündür. Və yaxud da bu gün Reyin bostanına daş atanların sabah onu öyəcəkləri də istisna deyil.

Ona görə də mən bütün bunları müşahidə edib sadəcə gülümsəyirəm. Sən də gülümsə, Rey.

Bilirəm, gülmək halında deyilsən. Döyüş dostunu itirmək acısını yaxşı anlayıram. Başın sağ olsun. Kimin nə deməsinə fikir vermə. Onsuz da bir gün Zaurla görüşəcəyik...