Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk gündə Madrid “Real”ı səfərdə 2:1 hesabı ilə qalib gəldiyi “Bavariya”nı qəbul edəcək.
Oyunöncəsi komandaların baş məşqçiləri və futbolçuları açıqlama verib:
Zinəddin Zidan (“Real”ın baş məşqçisi): ““Bavariya” böyük klub və böyük komandadır. Düşünürəm ki, səfərdə qazanılan nəticəyə görə arxayınlaşmaq olmaz və daha yaxşı çıxış etmək məcburiyyətindəyik. Əgər bunu bacarsaq, finala adlayacağıq. “Bavariya” bura “come back” etmək və yaxşı oyun ortaya qoymaq üçün gələcək. Biz buna imkan verməməliyik. Meydançaya qələbə düşünərək çıxmalıyıq. Tez qol vurmalıyıq. Erkən qol üçün əlimizdən gələni edəcəyik”.

Yupp Haynkes (“Bavariya”nın baş məşqçisi): “Real” – “Yuventus” oyunu göstərdi ki, Madrid klubu yenilməz deyil. Nə qədər çətin olacağını dərk edirik. “Kral klubu” böyük futbolçulardan qurulmuş komandadır. Amma biz asan rəqib olmayacağıq. Biz kifayət qədər böyüdük və öz hədəflərimiz var. Finala çıxmaq istəyirik və rəqibin bizi dayandırmaq üçün əlindən gələni edəcəyini bilirik. Onlar son 2 ildə qalib olublar və eyni heyətlə yola davam edirlər. Lakin biz təslim olmaq fikrində deyilik. Əgər ÇL qazanmaq istəyirsinizsə, təcrübəniz, istedadlı oyunçularınız olmalıdır. Bir də matçı doğru hakim yönətməlidir. “Santyaqo Bernabeu”da daha təsirli olmalıyıq. Evədki matçda rəqibin 3 şansı oldu, 2-ni qol vurdu. Çempionatda 88 qol vurduq. Burda da davam etməliyik. Səhvlərimizi aradan qaldırmalıyıq. Bizim hücum xəttimizlə yarımmüdafiə xəttimiz arasında bir balans var. 2013-cü ildə problemlər daha çox idi. Amma indi ondan güclü heyətə malik komandayıq. Həmçinin belə anlarda liderə ehtiyacımız var. Bu böyük oyunçuların işidir”.

Frans Bekenbauer (“Bavariya”nın fəxri prezidenti): ““Real”a qalib gəlmək asan olmayacaq. Onlar son zamanlar parlaq çıxış edirlər və əla formadadırlar. Sadəcə Madrid klubuna qarşı bir kompleksimiz olduğundan qorxuram. Əgər belə olsa, çətinlik çəkəcəyik”.

Tomas Müller (“Bavariya”nın hücumçusu): “Ötən il hamı gördü ki, biz qapımıza ofsayddan vurulan 2 qolla məğlub olduq. Bu matçda daha diqqətli olmalıyıq. Çünki təzyiq altında oynayacağıq. Biz geridönüş üçün matçı təhlil etmişik. Əgər erkən qol vursaq, bu rəqibin ziyanına işləyəcək. Şanslarımızdan istifadə etməliyik. Evdə qol imkanlarımız oldu və fərqlənə bilmədik. Buna görə Robert Levandovskini qınayanlar digər oyunlara da baxmalıdırlar. Günah keçisi axtarmaq niyyətində deyilik. Oyunumuzu oynamalıyıq”.

Xames Rodrigez (“Bavariya”nın yarımmüdafiəçisi): “Mənim burada 3 ilim keçib və yaxşı xatirələrim var. “Real”a “Santyaqo Bernabeu”da xeyli titullar qazanmışam. Kluba və azarkeşlərinə hörmətim var. Zidana qarşı heç bir kinim yoxdur. Klubu da çox istəyirəm. “Bavariya”da xoşbəxtəm və bu matçda qalib gəlmək istəyirik. Dünya çempionatından sonra isə karyeram haqqında düşünəcəm. Levanvodskini qol vurmamağa görə qınayırlar. Düzdür, son həftələr qol vurmur, amma çempionatda 28 dəfə fərqlənib”.

Serxio Ramos (“Real”ın kapitanı): “Bizim bütün komandalara hörmətimiz var. Amma bunu meydanda kənara qoyuruq. Səfərdə 2:1 hesablı qələbə qazansaq da, evdə hesab 0:0-mış kimi meydana çıxacağıq. “Yuventus”la ¼ finalı cavab oyunu bizə çox şey öyrətdi. Ən yaxşısı hesabı 0:0 düşünməkdir. Almanları sıradan çıxarmalıyıq”.

Son xəbərlər
Son Xəbərlər