“Günay Sığorta”nın rəhbərinə yeni vəzifə verildi

gunay-sigortanin-rehberine-yeni-vezife-verildi
Oxunma sayı: 1986

“Günay Sığorta” şirkətinin Direktorlar Şurasının sədri Teymur Nadiroğlu Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu, artıq Azərbaycanın xarici ölkədə təyin olunan 2-ci ticarət nümayəndəsidir. Bundan əvvəl Azərbaycan prezidentinin 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya Federasiyasına Azərbaycanın ticarət nümayəndəsi təyin edilib.
 
Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Çin Xalq Respublikasında ticarət nümayəndəsinin təyin olunması ölkəmizin qeyri-neft ixracının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi və Çin investisiyalarının cəlb olunması baxımından əhəmiyyətlidir.
 
Teymur Nadiroğlu Azərbaycan, ABŞ və Çində investisiya, mühasibatlıq, biznesin inkişafı və maliyyə planlaşdırılması sahələrində işləyib. 2008-ci ildən bu təyinata qədər Çində Primum Consulting Ltd. şirkətinin baş meneceri olub. Teymur Nadiroğlu həmçinin “Günay Sığorta” ASC-nin Direktorlar Şurasının sədridir.
 
2016-cı ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi təqribən 1 mlrd. ABŞ dolları olub. Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 5-ci, ixracda 10-cu, idxalda isə 3-cü ölkədir. Ötən il Azərbaycandan Çinə ixracın həcmi 5,1 dəfə artaraq 272 mln. ABŞ dolları, idxal isə 38% artaraq 704 mln. ABŞ dolları təşkil edib. 2017-ci ilin ilk 4 ayında da artım dinamikası davam edib və ölkələrimiz arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 395,6 mln. ABŞ dolları təşkil edib.