Bu yazını psixiatriya şöbəsində maraqlı günlər keçirtmiş bir şizofreniya xəstəsinin gündəliyindən bir parça olaraq qəbul edin.
Nənəmgilin küçəsində kanalizasiya sistemi yoxdur. İnsanların yedikləri yeməkdən asılı olaraq küçədə xüsusi bir qoxu formalaşıb. Bəzi qonşuların köçməsi və ya rəhmətə getməsi və onları əvəzləyən yeni insanların bu küçədə yaşamağa başlaması ilə küçənin qoxusu da zamanla biraz dəyişib. Yenə də bütün enerjimi burnumda cəmləşdirib keçmiş günləri xatırlamağa çalışanda dərinlikdəki köhnə qoxuları tapıb çıxarda bilirəm. Rəhmətə getmiş Maksim kişigilin evinin önündən keçərkən duyduğum qoxu, qızı Xəyalənin hər gün əlində vedrə ilə qapının önündə mənə gülümsəməsi gözümün önündə canlanır.
Xəyalənin məndən yaşca böyük olduğunu xatırlayıram. Amma nədənsə onun mənə gülümsəməsində qeyri-adi bir şey sezirdim-sezirəm. Gülümsəməsinin altında gizlənən niyyəti heç vaxt tam görə bilmədim, amma ona ilk izlədiyim erotik filmi danışarkən mənə gülümsəməsi və “ay allah nə şirin uşaqdı” deməsini yenicə şüuraltımdan çıxardıb yenidən analiz etmişəm. Həyatda bəzi məqamlar olur; hər şeyə lənət oxuyub bu sözləri deyirsən “kaş başqa bir həyatda, başqa bir zamanda qarşılaşardıq”.
Təzəlikcə həmin küçədə bir yas mərasimində yenə onu gördüm. Hələ də məndən böyük görünürdü. Ağlaşan qadınların arasında onunla göz-gözə gəldim. Bir-birimizi tanımağa çalışaraq bir dəqiqə qədər sadəcə baxışdıq. Sonra ağlaşmanın ortasında bir-birimizə gülümsədik.
Yas mərasiminin sakitləşdiyini görüb ona yaxınlaşdım. Salamlaşıb hal-əhval tutduqdan sonra uşaqlığımızdakı maraqlı hadisələrdən danışmağa başladım. Birdən duruxdu, təəccüblə üzümə baxdı. “Elvir məni bacımla qarışdırırsan” dedi... Bir neçə saniyə sonra beynim biraz silkələnib özünə gəldi. Bütün xatirələrin əsl sahibinin gənc yaşında ərə gedən bacısı Nərgizlə bağlı olduğunu, beynimin Nərgizin məndən uzaqlaşması ilə bütün məlumatları bacısına yüklədiyini, şizoid beynimin yenə mənə oyun oynadığını anladım. Xəyalə ailənin ən böyük qızı idi, mən onu sadəcə bir neçə dəfə görmüşdüm.
Dəfələrlə belə hadisələr yaşadığım üçün artıq buna öyrəşmişəm. Amma yenə də beynimin məni ələ salması, xatırladığım gözəl günlərin reallığından şübhə duymaq elə də yaxşı şey deyil. Yoxsa şizofreniya elə də pis anomaliya deyil. Ara bir olmayan şeylər görmək özün haqqında “xüsusi bir insanam” hissi yaradır.
...Barlardan birində həftə sonları öz qurduğu rok qrupu ilə çıxış edən İranlı oğlan gündüzləri kafelərdən birində falçılıq edirdi. Seçim qarşısında idim və çarəsizlikdən belə bir yola əl atmağa qərar vermişdim... İki kart seçməyimi istəyib, uzun saqqalını sığalladı. Əlindəki tatunun nə mənaya gəldiyini soruşmaq istəyirdim, orta barmağındakı skelet başı təsvirli üzük tatusu da gözümdən qaçmadı. Gözlərimi yumub bütün enerjimi barmaqlarımda toplamağa çalışdım və iki kart seçdim. Eşitmək istədiyim hər şeyi dedi, fırıldaqçılıq olduğunu bilsəm də bir neçə gün onun dediklərini düşünüb özümü yaxşı hiss etdim, seçimi də onun dediyi kimi galaksiyaya, enerjiyə və s. buraxdım. Özümü axına buraxdım; barlarda süləndim. Hər gün fərqli gələcəklərin xəyalını qurdum- bir gün siyasətçi olacağımı düşünüb David Halberstamın “Sülh zamanı müharibə” adlı kitabını aldım(facebukda elan verərək 5 manata satdım), başqa gün rok qrupunda gitarist olacağımı xəyal edib gitara kursuna yazılmaq istədim, hətta bir gün ümidsizcə uşaqlıq xəyallarıma qayıtdım və furbolçu, “Cimi” və s. olduğumu düşünüb, xəyallarla özümü aldatdım.
“Xəyal qurmaq gözəldir” cümləsinin başlanğıcında bir söz çatışmır: “Biraz”. Çünki günün hər dəqiqəsində xəyal qurmamaq üçün mübarizə aparan mənim kimi insanlar heç də bu vəziyyətimizdən razı deyilik. Bir müddət sonra xəyallar və reallıq bir-birinə qarışa bilər. Bir də gözünüzü açarsınız ki, əlinizdə xəyallardan başqa heçnə qalmayıb, insanlara danışdığınız hadisələrin baş verməsindən özünüz də əmin deyilsiniz. Bir gün reallığı o qədər itirə bilərsiniz ki, yanınızda əyləşib sizinlə söhbət etdiyini düşündüyünüz insanın əslində yanınınızda olmadığını dərk etməkdə çətinlik çəkə bilərsiz. Başqa ölkədə təhsil alan bir adamın sizinlə necə eyni otaqda oturub çay içdiyini dərk etmək həqiqətən çətindir.
Odur ki, çalışın çox da xəyal qurmayın. İnanmaq istəməsəniz də başınıza gələn hadisələri qəbul edin. Müharibədə döyüşüb gələn insanların böyük hissəsinin etdiyi kimi müharibədəki maraqlı hadisələri xatırlayıb, gördüyünüz faciələri yaddaşınızdan silməyin. Buraxın o zərbələr sizə dəysin. Biraz ağzınız burnunuz qanayacaq, gözünüzün altı şişəcək. Amma reallığı görə biləcəksiniz. Əlbətdə əgər həqiqətən reallıq deyə bir şey varsa... Dostumun mənlə çay içdiyini, çiynimə toxunduğunu xatırlayıram. Reallıq mənim üçün biraz qarışıq məsələdir.