Gündəmdəki şou...

gundemdeki-sou
Oxunma sayı: 2918


Yanğın faciəsini yaşadıq. Kədərləndik. Üzüldük. Yaramızın yeri qaysaq bağlamadan gündəm dəyişdi. Aparıcı Mətanət Əliverdiyevanın məlum səhvini müzakirə etdik. Arxasınca ANS-dəki süjet. Onun ardınca iki telekanalın üz-üzə gəlməsi. Sonra yanğında qəhrəmanlıq etdiyi deyilən gəncin atasının bu qəhrəmanlığı təkzib etməsi... “Maşın şou” və daha nələr. Yanğının külü soyumadan dəyişdik gündəmi. Şou yenə üstələdi faciəni.

Nədən danışırsan, nəyi müzakirə və ya dərd eləyirsən, ucu gedib şouya çıxır.

Müharibə gedən vaxt bir telekanal vardı. O telekanal nəyi diqtə edirdisə, insanlar ona köklənirdi. Mətanətəliverdiyevalar yox idi, şəmistanəlizamanlılar vardı. Qəzetlər az idi. Hamısı da müharibə ovqatındaydı.

Qonşuya şəhid tabutu gələrdi. Və biz 40 gün açmazdıq televizoru. Toy, şənlik də olmazdı. İnsanlar başqa cür həmrəy idi onda. Bir-birini görürdülər, bir-birinin dərdinə şərik olurdular. Üz üzdən utanırdı...

Skaypla başsağlığı verilən, feysbukla toy dəvətnaməsi göndərilən əsrə gəlib çıxdıq. Ürək sözlərimizi, hiss və həyəcanımızı stikerlər, smayliklər əvəz elədi. Üzümüzə “Milçəklər kralı”nın Ceki kimi maska taxdıq kompüter arxasında. Və maska öz işini gördü.

İnsanlar əsəbi oldu.

Üz-üzə gəlmədilər.

Gözlər gözlərə baxmadı.

Abır-həya qaldı monitor arxasında. Münasibətlər virtuallaşdı. Hiss-həyəcanlar öldü...

Adamlar bir-birinin qəlbinə dəyəndə üzr istəyirdi əvvəllər.

İndi yazdığını silmək üçün bir delete düyməsi bəs edir.

Nə olur bizə?

Virtual dünyada əsəb korlayan, bir-birinə söyüş, təhqir yağdıranlar artdıqca nevropatoloqların, psixoloqların da qəbulunda növbələr çoxalır.

İnsanlar entuziazmla qoşulur virtual daş-qalaq aksiyasına. Zövq alırlar bundan. Çürüdüb çevirirlər şouya. Ta ki ortaya yeni mövzu atılana və o mövzu da şouya çevrilənə kimi...

Sonra da müğənni ilə ziyalının soyuducusunu müqayisə edirlər...