“Günelin atası prokurorluqda işlədiyi üçün ona inanırdım”

gunelin-atasi-prokurorluqda-islediyi-ucun-ona-inanirdim
Oxunma sayı: 3452

Bakı Ağır Cinayətlər Məhkəməsində səyahətə gedənlərə qarşı dələduzluq etməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Günel Şıxıyevanın məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə zərərçəkmişlər ifadə verib. 

Mehriban Tağıyeva deyib ki, G. Şıxıyeva onu bir neçə dəfə çox ucuz qiymətə Taylanda istirahətə göndərib, razı şəkildə də geri qayıdıblar: “Günel turizm şirkətləri ilə əməkdaşlıq edirdi. Bileti alıb, sonra ödəyəcəyini deyirmiş. Biz dəfələrlə onun vasitəsilə səfərə getmişik. Bilet verirdi, biz də inanırdıq. Qızım dostları ilə Antalyaya getmişdi. Otelə çatanda məlum olub ki, ödəniş edilməyib. Qızım çətin vəziyyətdə qalmasın deyə yoldaşım maşınını yarı qiymətə satıb təcili pulu ödədi. Sonra da mənim vasitəmlə tanıdığım qohumumu aldatdı. O pulu da mən tapıb ödədim ki, narazılıq olmasın”.

M.Tağıyeva daha sonra Günel Şıxıyeva ilə birlikdə şirkət açdıqlarını, amma orada da aldadıldığını deyib: “Günelin atası prokurorluqda işlədiyi üçün ona etibar edirdim”. 
 
Zərərçəkənmişlər bildirib ki, G. Şıxıyeva həbs edilmədiyi üçün dələduzluq əməllərini davam etdirir: “Avqustun 17-də 6 nəfəri hava limanında qoyub, Taylanda gedəcəklərmiş, biletləri saxta çıxıb”. 

Prosesdə məhkəmə istintaqı yekunlaşıb, növbəti iclas oktyabrın 4-də keçiriləcək. Həmin iclasda G. Şıxıyevaya cəza istəniləcəyi gözlənilir. 

Qeyd edək ki, bir müddət evli olduqdan sonra boşanan G.Şıxıyevanın 1 yaşında övladı var. Bu iş üzrə 8 nəfər zərərçəkmiş tanınıb. Digər şikayətçilərlə bağlı iş istintaqda araşdırılır. Günel Şıxıyeva onlardan xarici ölkələrə, xüsusən də Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb. Tur paket alan şəxslər təyyarə biletinin saxta olduğunu, otelə çata bilənlər isə onların adına rezervasiya edilmədiyini öyrənirmişlər. 

Murad Əhməd