Günlərdir küçədə yatan şəxs müalicə olunacaq - Yenilənib+Video

gunlerdir-kucede-yatan-sexs-mualice-olunacaq
Oxunma sayı: 6322

Paytaxtın Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları 10/12 küçəsindəki ağaclıq ərazidə yaşayan Fuad adlı şəxsin köməyə ehtiyacı var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, evsiz və kimsəsiz olan bu şəxs günlərdir, uzandığı yerdən qalxa da bilmir.

İddialara görə, səhhətində ciddi problemləri olduğu bildirilən vətəndaş üçün dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, yardım göstərilməyib. Ətrafdakı şəxslər bildirib ki, gələn nümayəndələr ondan pis qoxu gəldiyi üçün kömək edə bilməyəcəklərini bildiriblər.

Onlar vətəndaşı xəstəxanaya aparsalar, onda olan infeksion xəstəliklərin digər xəstələrə də yoluxa biləcəyini əsas gətiriblər. 

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirdi ki, məsələ araşdırılacaq, daha sonra ətraflı məlumat veriləcək.

***

DİN-in mətbuat xidmətindən bildirilib ki, həmin şəxsin yeri müəyyən edilib. Polis əməkdaşları tərəfindən onun qısa zamanda sığınacağa yerləşdirilməsi təmin olunacaq.

***

Sosial Xidmətlər Agentliyinin əməkdaşları sözügedən vətəndaşla görüşüblər, o artıq aidiyyəti müəssisəyə aparılıb.

Bu barədə “Qafqazinfo”ya Sosial Xidmətlər Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat verib.

O bildirib ki, həmin şəxsin müvafiq müəssisəyə yerləşməsi üçün sosial qiymətləndirməsi aparılıb.

Daha əvvəl də əməkdaşlarımız tərəfindən aidiyyatı müəssisələrə yerləşdirilib. Bu dəfə də müalicəsi üçün təcili yardım əməkdaşlarına müraciət edilib. O artıq aidiyyəti müəssisəyə aparılıb. Müalicə prosesinin ardınca, özünün razılığı olarsa, sosial reabilitasiyası üçün də davamlı proses həyata keçiriləcək.

***

Polis əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü İsmayilov Fuad Mamedkarovun sağlamlıq vəziyyəti nəzərə alınaraq artıq xəstəxanaya yerləşdirilib. Sağaldıqdan sonra müvafiq sığınacağa göndəriləcəkdir.