Günlərlə intihar videoları izlədim...

gunlerle-intihar-videolari-izledim
Oxunma sayı: 5705

Nərmin Dadaşova

Bu gün 10 Oktyabr-Dünya Psixi Sağlamlıq Günüdür! Bundan mənə nə deyib yaxanı kənara çəkmə, oxucu dost. Yaxın gəl. Bu gün məhz hamımızın- sənin, mənim, yaşamımızın ən enişli-çıxışlı dövrlərində gözəlim burunlarını da götürüb həyatımıza soxulan qonum-qonşularımızı maarifləndirmə, hadisələrə daha həssas, daha çılğın yanaşan, üzüldümü çox üzülən, sevindimi qəhqəhələr atan, bəzən bir az təhlükəli, peşiman, bəzən  çox cəsarətli olan arxadaşlara əl uzatma, yardım etmə, dəstək olma günüdür.  

Yazıçı doğmamız Mövludun intiharından sonra dərin bir  boşluğa düşmüş kimi idim. Heç nə yaxşı olmurdu, oxucu dost. Mən Mövludun 17-ci mərtəbədən özünü havanın umuduna buraxdığı anı gözlərimin önündən silə bilmirdim. Ancaq çox təəssüf ki, həmin ərəfələrdə professional yardım almaq, psixoloqa, psixatra müraciət etmək haqqında düşünmürdüm. Hə, bizim tipik yanaşmamız idi məsələnin kökü. Mən ki, dəli deyiləm! Özümə kömək etmək,  o izaholunmaz hissi yenmək üçün günlərlə internetdə məqalələr oxudum, intihar videoları izlədim. Mövludu anlamağa çalışırdım, intihardan qorxmağa, özümü çəkindirməyə can atırdım. Bir bilsən, mən necə böyük səhv etdim, oxucu dost. Öz başıma verdiyim qərar bir bilsən mənə necə baha başa gəldi!

Aylar əvvəl ikinci möhtəşəm zərbəni aldım. "Yeni nazirin köhnə tanışları" prinsipinə qurban gedib işimi itirdim. Onsuz da bulanıq olan əhvalım lilli palçığa döndü bununla da. Depressiyanın d-sından batıb a-sından çıxdım, (əslində heç çıxa da bilmədim) əzizi oxucu. Ancaq bu dəfə doğru olanı etməkdən çəkinmədim, ruhumu, ovqatımı və sağlamlığımı  işinin mütəxəssislərinə həvalə etdim. Psixoloji yardım aldım. 

 Bu gün bu yazını yazmağa ona görə qərar verdim ki, aylar əvvəl, yaşadığım bu yorucu  sürəcin mənim üçün ən dramatik olan hissəsində içdiyim dərmanın nə olduğunu soruşanlara "başı ağrıyır" deyib keçişdirməyə çalışan qohum-əqrabadan hamınızın ətrafında kifayət qədər olduğunu yaxşı bilirəm. Sağlamlığa qovuşmaq üçün görülməli olan ilk işin bu mərhələni aşmaq olduğunu düşünürəm. Utanma! Gizlətmə! Möhkəm ol, əziz oxucu! Möhkəm ol! Bir gün hər şey geridə qalacaq.

 Hiss etdiyin ən kiçik narahatlıqda belə lütfən, həkimə görünməkdən, psixoloqla dostlaşmaqdan çəkinmə. Ətrafınızdakı, ailənizdəki həssas adamları, zədələnmiş ruhları xilas etməyə çalışın sonu intiharlarla bitməsin həyatlarının, qətl xəbərləri ilə dolub-daşmasın manşetlərimiz, cinayəkara döndərməsin hirsləri, əsəbləri, sarsıntıları, çıxılmaz sandıqları bataqlıqları insanları. 

Sonda aylar əvvəl oxuduğum bir məlumatı olduğu kimi bölüşürəm sizinlə.

Həyatını cinayətkarların beyin strukturunun incəliklərini öyrənməyə sərf etmiş James Fallon adlı bir həkim cinayətkarların, şizofreniya xəstələrinin, depressiv pozğunluqları olan şəxslərin və normal insanların, eləcə də özünün beyin tomoqrafiyalarını yan-yana düzüb müşahidə aparırmış. Tomoqrafiyalardan biri diqqətini çox çəkir və gizlilik qaydalarını pozaraq onun kimə məxsus olmasına baxır. Beynin əxlaq və meyilləri nəzarətdə saxlayan bir bölməsi aşağı səviyyədə fəaliyyət göstərən tomoqrafiyanın özünə məxsus olduğunu görən həkim, əvvəl təəccüblənsə də, faktı gizlətmək əvəzinə bu haqda bir kitab qələmə alır. Verdiyi genetik analizlər nəticəsində onun aqressivlik, zorakılıqla bağlı yüksək risk daşıyan gen qruplarına aid olması müəyyən edilir. Daha sonra Fallonun nəsil şəcərəsində 7 qatil olduğu faktı üzə çıxır. Bəs həm beynində anormallıq olan, həm də genetikasında cinayətə meyillilik olan J.Fallon niyə qatil olmamışdı, qatil olmaq bir yana heç xırda zorakılıq belə törətməmişdi? Müəyyən edilir ki, sevgisiz və aqressiv davranışlarla dolu bir uşaqlıq keçirənlərin gələcəkdə zorakılığa meylləri artır. J.Fallon isə sevgi dolu, gözəl uşaqlıq keçirmişdi və bu, onun beynindəki patalogiyanın real olaraq həyata keçməsinə imkan verməmişdi.

 P.S: Sevgi ilə qalın, o sizi bütün bəlalardan mütləq qoruyacaq...