Günün qəhrəmanları danışdı - Fotolar

gunun-qehremanlari-danisdi
Oxunma sayı: 2973

Bu gün Bakıda Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Forumda Prezident İlham Əliyev də iştirak edib.

Forumda giriş nitqi ilə çıxış edən dövlət başçısı bütün Azərbaycan gənclərini ürəkdən təbrik edib. Daha sonra Forum öz işini müzakirələrlə davam etdirib. Azərbaycan Prezidenti gənclərin suallarını cavablandırıb.

“Qafqazinfo” Forumda iştirak edən gənclərin təəssüratlarını öyrənib.

Ötən gün Prezidentin sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülən Axundova Lalə Əhməd qızı Gənclər Forumunun çox yüksək səviyyədə keçdiyini bildirib:

“Mən Milli Elmlər Akademiyasının nümayəndəsiyəm. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı və əməkdaşıyam. 2014-cü ildə Bakı Dövlət Universitetini bitirmişəm. 2017-ci ildə Hollandiyada tibbi biologiya üzrə magistratura pilləsini başa vurmuşam. 2018-ci ildə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biologiya ixtisasına qəbul olunmuşam. Mənim elmi fəaliyyətimi yüksək dəyərləndirdiyinə görə cənab Prezident İlham Əliyevə öz təşəkkürümü bildirmək istəyirəm. Forum çox yüksək səviyyədə keçdi. Müxtəlif mövzulara dair xeyli sayda aktual suallar var idi. Prezident bütün suallarımızı cavablandırdı. Cavablar çox açıq, əhatəli və anlaşılan idi”.

Lalə Axundova onu dəstəklədikləri üçün öz valideynlərinə, elmi rəhbərinə təşəkkür edib.

2020-ci ildə Prezidenti mükafatçısı olmuş, hazırda Dövlət İdarəçilik Akademiyasının magistratura tələbəsi Sabir Rüstəmov isə qeyd edib ki, Prezident İlham Əliyev müasir, çox pozitiv, iradəli və rəşadətlidir:

“Cənab Prezident hər zaman biz gənclərə bir örnəkdir. Biz ondan çox şey öyrənməliyik. Baxmayaraq ki, ölkəmizə qarşı, cənab Prezidentə qarşı təzyiqlər oldu, o, hər zaman öz cəsarəti, iradəsi ilə seçilirdi və Azərbaycanı beynəlxalq miqyasda söz və nüfuz sahibinə çevirə bildi”.

Gənclər mükafatçısı, Qəmər Almaszadə adına beynəlxalq mükafatın laureatı Sabrina Cavadzadə isə ilk dəfə Prezidentlə belə bir səmimi görüşdə iştirak etdiyini bildirib: “Bu gün bura cənab İlham Əliyevin təşəbbüsü ilə yığışmışdıq. İlk dəfə idi Prezidentlə belə səmimi bir görüşdə iştirak edirdim. Çox qəribə hiss keçirirdim. Bir az həyəcan da var idi. Prezidentə suallarımızı ünvanlandıq, o da çox böyük məmnuniyyətlə cavablandırdı. Hər şey gözlədiyimdəm daha artıq oldu. Təbii ki sevindirici haldır ki, cənab İlham Əliyev biz gənclərə bu cür qayğı göstərir. Gənclər də öz növbəsində onun gözləntilərini doğruldur. Çünki bu, 44 günlük Vətən müharibəsi zamanı istər sosial şəbəkələr, istərsə də cəbhədə özünü göstərdi. Ona görə də nə qədər ki, Prezident, dövlət, xalq biz gəncləri dəstəkləyəcək, gənclər də o qədər daha yuxarı pillələrə qalxacaq”.

Gənclər və idman naziri Fərid Qayıbov isə qeyd edib ki, bu həftə ərzində Gənclər Günü ilə bağlı müxtəlif tədbirlər keçirildi: “Bilirsiniz ki, bu gün biz Gənclər Gününün təsis olunmasının 25 illiyini qeyd edirik. Bu bayram çərçivəsində gənclər həftəsi elan olunmuşdu. Bu həftə ərzində müxtəlif tədbirlər keçirildi. Bu gün Gənclər Forumu keçirildi. Bu forumda Azərbaycanın müxtəlif regionlarından müxtəlif sahələri təmsil edən gənclər iştirak edirdi. Forumun ilk yarısında cənab Prezident də iştirak etdi. Bütün gənclər üçün çox maraqlı idi. Onlar həyəcanlı idilər, eyni zamanda bu günü çoxdan gözləyirdilər”.

Eldar Tanrıverdiyev

Fotolar: Pərvin Zeynal